Cavanşir Quliyev: “Musiqi zövqləri bazardakı “göy satan”ın zövqündən yüksək deyil” – MÜSAHİBƏ
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin Yenicag.az-a müsahibəsini təqdim edirik:
– Niyə son zamanlar hitlər, insanların sevdiyi populyar mahnılar yaranmır?
– Ona görə yaranmır ki, o mahnılara tələbat yoxdur. Bədii sənətdə tələbat faktoru çox önəmlidir, hətta buna “sosial sifariş” də deyirlər. Toplumun, cəmiyyətin istədiyi bədii əsəri sənətkarlar hər zaman yaradırlar, çünki xalq bunu tələb edir. Bizim indiki cəmiyyət isə artıq elə mahnılar istəmir.
– Niyə, səbəb nədir?
– Biz istəyirik, mən istəyirəm, qonşum, dostlarım və bir çox insan istəyir… Amma o “bir çoxu” hələ hamı demək deyil. Diqqət yetirsəniz, indi musiqinin ən çox nümayiş olunduğu yer toylardır. Baxın görün toylarda nələr oxunur, toy əhli hansı musiqi sədaları altında sevinə-sevinə rəqs edir. Bu, insanların nəyi sevdiyini göstərən ən bariz nümunədir.
– Bəs insanlar niyə bu vəziyyətə gəldi, onlar niyə keyfiyyətsiz musiqiyə meyil edirlər?
– Mən və həmkarlarım mütəxəssis musiqiçilər illərdir həm mətbuatda, həm də radio və televiziyalarda çıxış edərkən bu gedişatın sonunun yaxşı olmayacağını deyirdik. Radiolar və televiziyalar artıq o bayağı mahnıları təbliğ etməyə başlamışdı. Bəziləri bunu bilərəkdən, bəziləri maddi maraq qarşılığında edirdi, bəziləri isə sadəcə yaxşını pisdən ayıra bilmirdi. Bu axın hələ 90-cı illərin əvvəllərindən başladı. Müqavimət göstərməyə çalışsaq da, bizi qərəzli olmaqda ittiham etdilər. Arxivimdəki köhnə müsahibələrimdə belə bir başlıq da çıxarmışdım: “Bu işin axırı yaxşı olmayacaq”. Lakin kimsə bizi dinləmədi. Çünki işin içində maliyyə marağı olanda insanlar məntiqi tənqidi qəbul etmirlər. Maliyyə marağı olan yerdə keyfiyyət axtarılmaz.
– Bütün bunlar nəticə etibarilə nəyə gətirib çıxardı?
– Azərbaycanda 90-cı illərdən bu yana yeni nəsil yetişdi. Həmin nəsil artıq formalaşmış şəxslərdir. Onlar nə ilə böyüdülər? Elə həmin o bayağı musiqilərlə. Böyük əksəriyyəti başqa musiqi tanımır. Həmin gənclərin bir qismi indi radio və televiziyalarda çalışır. Onların musiqi zövqü o qədərdir və efirə də öz zövqlərinə uyğun əsərlər verirlər. Baxın, problem buradadır: efirə nəzarət edən insanların zövqü bazardakı “göy satan”ın zövqündən yüksək deyil. Hətta mən elə fəhlələrə, adi insanlara rast gəlirəm ki, çox yüksək musiqi zövqünə malikdirlər. Nədənsə, bizim kanallarda belə insanlara rast gəlinmir. Ona görə də təbliğ olunan musiqi bu səviyyədədir.
– Bəs siz niyə onların qarşısına yeni əsərlər çıxarmırsınız?
– Bu məsələni dərindən araşdırmaq lazımdır. Musiqidə hər kəsə eyni qəliblə yanaşmaq olmaz. Şəxsən mən xaricdən qayıdandan sonra 40-50-yə yaxın mahnı yazmışam və onları müğənnilər ifa ediblər. Amma həmin mahnılar efirdə yoxdur. Mən özüm heç vaxt ayağımla gedib efirə mahnı təklif etməmişəm; həmişə məndən istəyəndə vermişəm. Keçmişdə müğənni mahnını konsertlərdə, radiolarda səsləndirərək təbliğ edirdi. İndi də mahnıları müğənnilərə vermişəm, onlarda var.
– Yəni hər şey yenə maddiyyata bağlanır…
– Müğənnilər görürlər ki, kütlə ciddi mahnılara qulaq asmaq istəmir, onlara “çətin” gəlir. İnsanlar “dirinqə-mirinqə” şeylər istəyirlər. Müğənni də toya dəvət olunmaq üçün kütlənin istəyini oxuyur. Çünki ciddi mahnı oxuyanda deyirlər: “Filankəs baş ağrıdan mahnılar oxuyur, lazım deyil”. Vəssalam. Müğənni də dolanmaq üçün ciddi sənətdən qaçır. Hər şeyin sonu gəlib pula bağlanır.
– Belə demək mümkündürmü ki, musiqi təbliğatı sistemi pozulub?
– Bəli, Azərbaycanda vaxtilə mövcud olan musiqi təbliğatı sistemi sıradan çıxıb, yerinə isə yenisi yaranmayıb. Ona görə də kim nə istəyir, onu da təqdim edir. İndi mahnı “yazanların” mən buna “mahnı qoşanların” deyərdim sayı artıb. Bir az musiqi duyumu olan hər kəs nəsə qoşur. Müğənnilər də artıq peşəkar bəstəkarlara müraciət etmirlər. Çünki o arada “qoşulan” şeylər onlara kifayət edir.
– Təəssüflər olsun ki, indiki repertuarlar da toy bazarına hesablanıb…
– Tamamilə doğrudur. İndiki texnoloji imkanlarla bir düyməni basırsan, alət özü çalır. Beləcə, hamısı bir-birinə bənzəyən keyfiyyətsiz mahnılar yaranır. Repertuar yalnız toy ünvanlı qurulur məqsəd toya dəvət almaq və pul qazanmaqdır. Heç bir nəzarət yoxdur. Kanalları başlı-başına buraxıblar. Orada çalışanların çoxu üçün nə Azərbaycan musiqisi, nə də cəmiyyətin mənəviyyatı önəmlidir. Onların məramı tamamilə başqadır.
Cəvahir Nehru












