Ümidsizliyə qapılan XANƏNDƏ: “Yeni nazirdən gözləntilərim çoxdur”
“Bir ara mənə qarşı çox diqqətsizlik oldu, buna görə də bir müddət özümə qapandım; sanki əlim-qolum bağlandı, ruh düşkünlüyü yaşadım”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ömrünün 40 ildən çoxunu Azərbaycan muğamının tədrisinə, təbliğinə və yaşamasına həsr etmiş ustad xanəndə Sabir Abdullayev deyib.

İllərlə çəkdiyi zəhmətin bəhrəsini görmək arzusu ilə yaşayan xanəndə özünə qarşı laqeyd münasibətdən dolayı ruhdan düşdüyünü bildirib:
“Uzun illər Azərbaycan mədəniyyətinə xidmət etmişəm – həm ifaçılıq sənəti, həm də pedaqoji fəaliyyətimlə. 40 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olmuşam, az müddət deyil. Başqaları gedib toylarda pul qazanıb, amma mən özümü pedaqoji fəaliyyətə həsr etdim. Bundan heç peşman da deyiləm. Çünki bu illər ərzində saysız-hesabsız tələbələr yetişdirmişəm, onların əksəriyyəti hazırda tanınan sənət adamlarıdır. Dəfələrlə ölkədə və ölkə xaricində Azərbaycan muğam sənətini təbliğ etmişəm. Amma bütün bunların müqabilində biganə münasibət görəndə ruhdan düşürəm. Bir ara mənə qarşı çox diqqətsizlik oldu, buna görə də bir müddət özümə qapandım”.
Xanəndə son zamanlar Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən tədbirlərə qatıldığını və içindəki sənət eşqinin yenidən alovlandığını vurğulayıb:
“Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Qarabağda keçirilən tədbirlərə dəvət aldım. Doğma Qarabağımda – Ağdam, Şuşa, Laçında oldum. Sənət adamına nə lazımdır? Diqqət və qayğı. Mədəniyyət nazirindən bu qayğı və diqqəti görəndə sənətə olan sevgim yenidən alovlandı, ruh düşkünlüyüm aradan qalxdı. Nə gizlədim, nazirdən gözləntilərim çoxdur. Ona inanıram və ümid edirəm ki, ürəyimdə qalan arzularımın yerinə yetməsinə dəstək olacaq və mən də zəhmətimin bəhrəsini gec də olsa, görəcəyəm”.
Cəvahir













