Şamil Ayrım: "Azərbaycan və Türkiyə çalxalanan dünyada sabitlik adasıdır" - VİDEO
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, millət vəkili Şamil Ayrım Türk Dövlətləri Mühəndislər Birliyinin Bakıda keçirilən toplantısında mühüm bəyanatlarla çıxış edib.
Yenicag.az xəbər verir ki, Şamil Ayrım çıxışında qlobal sülh və dialoqun əhəmiyyətinə toxunaraq, sabitliyin (istiqrarın) iqtisadi inkişaf üçün əsas şərt olduğunu vurğulayıb.
O qeyd edib ki, regiondakı gərginliklər, xüsusilə İrandakı hərbi vəziyyət qlobal iqtisadiyyata, o cümlədən neft qiymətlərinə və iqtisadi balanslara ciddi mənfi təsir göstərir.
Millət vəkili Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə həyata keçirdiyi enerji siyasətini yüksək qiymətləndirib:
“Dünyada müharibələrin davam etdiyi bir vaxtda Azərbaycan TANAP və TAP layihələri vasitəsilə 12 Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu yaxınlarda İtaliyada 4000-ə yaxın yanacaqdoldurma məntəqəsi və neft emalı zavodunu (rafineri) satın alaraq böyük bir uğura imza atdı. İtaliya Baş naziri Meloninin Bakıya səfəri də təsadüfi deyil; italyanlar anlayırlar ki, sabit bir bölgədən – Azərbaycandan rahat və təhlükəsiz enerji axını alacaqlar.”
Türk dünyasının birliyi və mütəxəssislərin əməkdaşlığına toxunan natiq, artıq hər sahədə azad dialoq mühitinin olduğunu vurğulayıb:
“Türk dünyasının adı çox böyükdür və biz bu ismə layiq işlər görməliyik. Bu gün Ankara və Bakıdan olan mütəxəssislər bir masa arxasında gələcəyi müzakirə edirlər. İllər öncə bu dialoq mühitimiz yox idi, lakin bu gün azadıq və bir-birimizlə hər sahədə danışa bilirik.”
Şamil Ayrım çıxışını “Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Türk dünyası!” şüarı ilə yekunlaşdırıb.
Məsimə Məmmədova
Natiq İsayev













