Hörmüz böhranı və Livan cəbhəsi: Tehran masaya qayıtmaq üçün hansı şərtləri qoyur?

media-hightechnic-468x90

 

media-banner_tuq

“ABŞ-İran danışıqları davam etdiriləcək” 

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq ABŞ və İran arasında yaranan gərginliyin fonunda danışıqların davam etdiriləcəyini, tərəflərin müharibədən maksimum dərəcədə qaçmağa çalışacağını qeyd edib:

“Bildiyimiz kimi, ABŞ və İran arasında iki ölkənin prezidentləri səviyyəsində iyulun 19-da qarşılıqlı anlaşma memorandumu imzalandı. 14 bənddən ibarət olan bu memorandum, mahiyyət etibarilə, İranın qələbəsi kimi səciyyələndirilə bilər. Çünki ciddi itkilər verilməsinə baxmayaraq, əgər memoranduma uyğun yekun müqavilə imzalanarsa, bu, İran üçün yeni tarixi mərhələnin başlanğıcı olacaq və bütövlükdə regionda yeni geosiyasi reallıqları formalaşdıracaq. Əldə olunan razılaşmaya əsasən, sonrakı 60 gün müddətində qarşılıqlı anlaşmanın bəndlərinə uyğun olaraq texniki məsələlər müzakirə olunmalı və yekun sülhə hazırlıq həyata keçirilməlidir. Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə təşkil olunan dördtərəfli danışıqlar uğursuz oldu və yarımçıq dayandırıldı. Bu, İran tərəfinin danışıqları dayandırması formasında baş verdi. Səbəb kimi ABŞ prezidenti Donald Trampın sərt açıqlamaları göstərildi”.

E.Mirbəşiroğlu Livan və Hörmüz boğazı məsələlərində tərəflər arasında fikir ayrılıqları olduğunu, lakin bu məsələlərin münaqişəni davam etdirmək üçün yetərli səbəb olmadığını diqqətə çatdırıb:

“Xatırladım ki, ABŞ prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə Hörmüz boğazının açılmayacağı təqdirdə İrana yenidən ağır zərbələr endirilə, hətta İran ərazilərinin nəzarətə götürülə biləcəyi ilə bağlı fikirlər səsləndirmişdi. Sözsüz ki, qarşılıqlı anlaşma sənədinin mətni razılaşdırıldıqdan və imzalandıqdan sonra belə fikirlərin səsləndirilməsi danışıqlar prosesinin perspektivlərini ciddi sual altına qoyur. ABŞ-ın informasiya mənbələri isə fərqli səbəb göstərirdilər; bildirildi ki, İran nümayəndələri jurnalistlərlə görüşdən imtina edərək danışıqları dayandırıblar. Hesab edirəm ki, bu, situativ hadisədir. Beynəlxalq ictimai rəy ondan ibarətdir ki, ABŞ geri çəkildi. Əslində, bu, belədir. Fevralın sonunda ABŞ İrana hücum edərkən tamam fərqli nəticələr haqqında təsəvvürlər formalaşdırılırdı. İranın yüksəkrütbəli şəxslərinin öldürülməsindən başqa, ABŞ-ın digər gözləntiləri reallaşmadı. Qarşılıqlı anlaşmanın mətnindən də göründüyü kimi, ABŞ öz mövqelərindən demək olar ki, tamam geri çəkilib. Nüvə proqramına gəldikdə isə, İran onsuz da həmişə israr edirdi ki, nüvə silahı əldə etmək fikrində deyil. Görünən reallıq odur ki, ABŞ-ın Yaxın Şərq regionunda əvvəlki kimi təsir imkanları mövcud deyil. Faktiki olaraq, ABŞ-İsrail cütlüyünün hərbi-siyasi gedişləri demək olar ki, heç bir dövlət tərəfindən fəal şəkildə dəstəklənmədi. ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin dəstək verməmələri ilə bağlı narazılıqlarını yaxşı xatırlayırıq. Eləcə də, ABŞ-da qarşıdakı seçkilər hərbi kampaniyanın davam etdirilməsinin məqsədəuyğun olmadığını şərtləndirirdi”.

Politoloq hesab edir ki, danışıqlar hər şeyə rəğmən davam edəcək və tərəflər gec-tez uzlaşacaqlar:

“Bu baxımdan hesab edirəm ki, danışıqlar davam etdiriləcək. Çünki indiki halda alternativlər və ya manevr imkanları çox məhduddur. ABŞ prezidenti Donald Tramp ola bilsin ki, “məqsədlərinə çata bilməyən” obrazını qismən də olsa dəyişmək cəhdi kimi yenidən sərt ritorikaya üstünlük verib. Nəzərə almaq lazımdır ki, dördtərəfli danışıqlar dayandırılsa da, texniki məsləhətləşmələr davam etdirilməkdədir. Bu baxımdan, danışıqlar bərpa olunmalıdır. Çünki burada təkcə İranın mövqeyi həlledici deyil, pərdəarxası əsl təsirli güc Çindir. Əsas məsələlərin D.Trampın Çinə səfəri zamanı razılaşdırıldığını düşünmək olar. D.Trampın Çinə ciddi təşəkkür ifadə etməsi də təsadüfi sayıla bilməz. Bundan başqa, düşünmək olar ki, əsas səbəb D.Trampın sərt ritorikasından ibarət deyil. İsrailin Livanın cənubunda əməliyyatları davam etdirməsi danışıqlara təsir edən əsas amillərdəndir. Çünki anlaşmanın birinci bəndində bütün istiqamətlərdə, həmçinin Livanda hərbi əməliyyatların dayandırılacağı qeyd olunur. Bu baxımdan hesab etmək olar ki, İranın yenidən danışıqlar masasına qayıtması üçün əsas şərtlərdən biri İsrail qoşunlarının Livandan çıxarılması olacaq. Həqiqətən də, nümayəndə heyətinə rəhbərlik edən İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf dialoqun davam etdirilməsi üçün İsrail qoşunlarının Livandan çıxarılmasını və Trampdan üzr istənilməsini şərt kimi irəli sürüb. D.Trampın isə üzr istəyəcəyi inandırıcı görünmür. Hörmüz boğazının bundan sonra uzunmüddətli bağlanacağı da real görünmür. Bütün hallarda hesab edirəm ki, Hörmüz boğazının gələcək fəaliyyət prinsipləri ABŞ-la İran arasında (təbii ki, digər qüvvələrin də mövqeyi nəzərə alınmaqla) ayrıca geosiyasi sövdələşmə predmetidir. Görünür ki, ABŞ Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı şərti daha açıq dəstəkləyəcək. Çünki danışıqları nəticəsiz edə biləcək tək səbəb hələlik Livandakı hərbi əməliyyatlardır. İran narazılığını əsasən bununla bağlı bildirirdi. Trampın səsləndirdiyi fikirlər sadəcə mövcud fikir ayrılıqlarını üzə çıxaran katalizator oldu. ABŞ-la İsrail arasında fikir ayrılığının yaranması və getdikcə dərinləşməsi də ondan xəbər verir ki, İranın ikinci şərti – yəni Livanda hərbi əməliyyatların dayandırılması – yerinə yetiriləcək. Beləliklə, baş verənləri ABŞ-la İran arasındakı münaqişənin yenidən eskalasiyası kimi səciyyələndirməyə əsas yoxdur. Əksinə, bəlkə də, bu, daha effektiv sülh prosesinin komponentlərini gücləndirir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05