907-ci düzəliş LƏĞV EDİLİR? – “Artıq vaxtı çatıb”
“907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərinə zaman-zaman çox zərər vurdu”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Millət vəkili ABŞ-də bu gün keçiriləcək olan ABŞ-Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşlərdə verilməsi ehtimal olunan qərarlardan biri kimi 907-ci düzəlişin ləğvi ilə bağlı fikirlərini bölüşüb.
O, bu qərarın Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələyə yelkən açacağını qeyd edib:
“ABŞ-də keçiriləcək görüş bir sıra məsələlərlə tarixi əhəmiyyət daşıyacaq. Bunlardan biri Ermənistan-Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində olacaqsa, digəri isə ABŞ-Azərbaycan münasibətlərinin tamamilə yeni bir mərhələyə qalxması olacaq. Bu kontekstdə nəzərdən keçirilən sənədlərdən biri ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ola bilər ki, bu, özlüyündə iki ölkə arasında münasibətləri yeni tarixi mərhələyə qaldıracaq. Bu, nə deməkdir? Strateji tərəfdaşlıq xüsusi diplomatik termin olmaqla ortaq hədəfləri müəyyənləşdirmiş və ortaq hədəfləri olan ölkələrin uzunmüddətli və çox şaxəli tərəfdaşlığı deməkdir”.
Deputat bu düzəlişin ləğvindən sonra Azərbaycan və ABŞ münasibətlərinin inkişaf prosedurunu da sadalayıb:
“Belə olan halda, heç şübhəsiz ki, 907-ci düzəlişin əməkdaşlığın inkişafında mane olması çox aydın şəkildə ortadadır. Düşünürəm ki, strateji tərəfdaşlığa gedən yolda 907-ci düzəlişin ləğv olunması çox mühüm hadisədir. ABŞ hər nə qədər demokratik ölkə olsa da, qərarlarında olduqca mühafizəkardır. Biz bilirik ki, 907-ci düzəlişə edilmiş əlavələr Azərbaycanla ABŞ-nin münasibətlərinə nə qədər zərər vurub. Zaman-zaman bu bəzən dondurulsa da, artıq onun ləğv olunması və ya dayandırılmasının vaxtı gəlib çatıb. ABŞ-də qəbul olunmuş qanunların ləğv edilməsi proseduru yoxdur, amma onun dayandırılması şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətlərində yeni bir keyfiyyət qazandıracaq”.
Nurlan Cəfəri