İran Vyetnam və “Taliban” qədər dayanıqlıdırmı? – Müharibənin psixoloji TƏRƏFİ
“İsrail və ABŞ növbəti bir yalan uydurub İrana qarşı təcavüzlərini davam etdirəcəklər”.
Bu sözləri İran-İsrail toqquşmasının ilkin nəticələri və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, ABŞ və İsrail bu toqquşmanın nəticəsi olaraq qazandılar:
“Beynəlxalq ictimai rəy gördü ki, ABŞ və İsrail istədikləri vaxt beynəlxalq hüququ heçə sayaraq müstəqil, suveren dövlət olan İranı bombalaya bilərlər və bunu nüvə təhlükəsi bəhanəsi ilə edərlər. İrana xeyli zərər verdilər. İsrail və ABŞ İrandakı siyasi sistemi dəyişmək üçün mühüm addım atdılar. Heç bir şübhə yoxdur ki, onlar növbəti bir yalan uydurub İrana qarşı təcavüzlərini davam etdirəcəklər”.
Müsahibimizin sözlərinə görə, təcavüzkar dövlətlərin cavabını verməyin ən gözəl nümunələrini Vyetnam və “Taliban” göstərib:
“Vyetnam ABŞ-yə qalib gəldi. Vyetnam hazırda dünyanın ən güclü inkişaf edən dövlətlərindən biridir. “Taliban” öncə hakimiyyətini itirdi, xalqın içindəki dəstəyinə söykənib, 20 ildən sonra hakimiyyətini bərpa etdi. İran “Taliban” və Vyetnam kommunistləri qədər sabitdir? Bunu zaman göstərəcək. İran Qətərdəki ABŞ hərbi bazasını vurmazdan öncə ABŞ-yə xəbər verdi ki, oradan insanları yığışdırsınlar. İran maraqlı deyil müharibənin genişlənməsində və dərinləşməsində. İranın hərbi imkanı var ki, Hörmüz boğazını bağlasın. İran bunu etsə, Avropa dövlətlərinə də, cənub dövlətlərinə də ziyan dəyə bilər”.
Z. Əlizadənin fikrincə, bu müharibə onun baiskarı İsrail və ABŞ-yə qarşı yox, özünümüdafiə edən İrana qarşı hiddəti genişləndirə bilər:
“Deyirdilər ki, İran Küveytdə, Bəhreyndə, Səudiyyədə, Omandakı ABŞ hərbi bazalarını darmadağın edə bilər. Bəli, İran bunu edə bilər. Ancaq bu o deməkdir ki, sözdə ABŞ və İsrailin İrana təcavüzünü pisləyən ərəb ölkələri İrana üz çevirə bilərdilər. İran bunu da nəzərə alır. İranın hərbi və texniki imkanı var ki, ABŞ-nin hərbi bazalarını vurub, məhv etsin. Bu o deməkdir ki, ABŞ bütün gücü ilə İrana hücum edəcək. İran buna dözə biləcək? Vyetnam o zaman buna dözürdü. Vyetnam o zaman çox kasıb idi. İran o zamankı Vyetnama nisbətdə 50 dəfə güclüdür. Vyetnamın güclü lideri və güclü ideologiyası vardı. İran xalqı kef etmək istəyir, qərb meyarlarına uyğun şən-firavan yaşamaq istəyir”.
Səxavət Məmməd