“Sabitlik” illüziyası: Orta Şərqdə müvəqqəti SAKİTLİK?
“Dünən atəşkəs elan olundu – bu, məlumdur. ABŞ və Qətərin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra İsrail tərəfi İran tərəfindən raket hücumlarının həyata keçirildiyini bildirsə də, hətta İsrailin müdafiə naziri cavab hücumlarının olacağını bəyan etsə də, bu, baş vermədi. Çünki ABŞ israrlı şəkildə qeyd etdi ki, heç bir halda atəşkəs pozulmamalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Siyasi təhlilçi ötən gün İsrail və İran arasında əldə olunan atəşkəs sazişi və tərəflər arasında davam edən lakonik raket hücumlarının səbəblərini izah edib.
Onun sözlərinə görə, nəticədə, İsrailin cavab zərbəsi baş tutmadı və hazırda bölgədə gərginlik azalmağa doğru gedir:
“Bu isə o deməkdir ki, indiki mərhələdə tərəflərin atəşkəsə riayət edəcəyi gözlənilir. Burada əsas məqam ondan ibarətdir ki, İsrail öz məqsədlərinə nail olduğunu bəyan etdi. İsrail tərəfinin açıqlamasına əsasən, İranın raket potensialının 65 faizi məhv edilib. Bu isə hərbi baxımdan kifayət qədər ciddi zəifləmə deməkdir. Əsasən, İsrailin iki məqsədi var idi: İranın nüvə potensialını neytrallaşdırmaq və ballistik raket arsenalını sıradan çıxarmaq. Hazırkı mərhələdə görünən budur ki, İran özü də müharibənin uzanmasında maraqlı deyil. Çünki həm ABŞ, həm də İsrailə qarşı açıq cəbhə almaq İran hakimiyyəti üçün heç bir müsbət dividentlər vəd etmir”.
S. Zahidovun fikrincə, burada əsas nöqtələrdən biri də odur ki, İsrail və ABŞ istəmirdi ki, İran nüvə dövləti statusu qazansın:
“Elə bu səbəbdən də ABŞ bombardmançı təyyarələrini göndərərək Fordo, Natanz və İsfahan kimi obyektlərdəki nüvə infrastrukturlarını hədəfə aldı. İsrailin 12 günlük hücumu isə İranı əks addım atmağa, yəni nüvə silahı əldə etmək prosesini sürətləndirməyə sövq edə bilər. Çünki nüvə silahı ilk növbədə çəkindirici güc hesab olunur. Bu da o deməkdir ki, aparılan hərbi əməliyyatlar əks-effekt verə bilər”.
“Yaxın illərdə İranın nüvə silahı əldə etməsi real görünmür. Bu, müəyyən vaxt və texnoloji imkanlar tələb edir. Amma İranda belə bir qənaət formalaşa bilər ki, əgər bizim də Şimali Koreya kimi nüvə silahımız olsaydı, heç bir ölkə bizə qarşı hərbi müdaxilə etməyə cəsarət etməzdi.Ona görə də qeyd etmək lazımdır ki, mövcud atəşkəs münaqişənin köklü səbəblərini aradan qaldırmadı. İran-İsrail münaqişəsi hələ də davam edir və gələcəkdə onun yenidən alovlanması istisna edilmir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov