İki stul, bir MÜNAQİŞƏ: Paşinyanın Rusiya-Qərb arasında manevr SİYASƏTİ

media-hightechnic-468x90

“Paşinyan özünü çoxşaxəli təhlükələrdən qorumaq üçün bu möhkəm müdafiə strategiyalarını həyata keçirməyə çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

media-azerbadamov1

O, Ermənistanda dövlət çevrilişi cəhdi barədə fikirlərini bölüşüb.

Deputat bu hadisənin mövcud proseslərə təsirindən danışarkən qeyd edib ki, son illərdə həm xarici, həm də yerli aktorların iştirakı ilə seçkilərə təsir etmək cəhdləri intensivləşib.

“Bu və ya digər ölkədə keçirilən istənilən seçki öncəsi hibrid təhdidlərin, hərtərəfli təzyiqlərin, dezinformasiya kampaniyalarının, hətta fiziki hücumların, ümumilikdə isə seçkinin bütövlüyünə, nəticəsinə təsir göstərən addımların şahidi oluruq. Burada müxtəlif növ təhdidləri müşahidə etməklə yanaşı, fəallaşan, bəzən də xarici aktorlardan alınan dəstəklə şüurlu şəkildə fəallaşdırılan daxili rəqibləri də meydanda görmək olur”.

Onun sözlərinə görə, bu günə qədər seçki keçirilən, seçkilərinə müdaxiləyə cəhd edilən digər dövlətlər kimi Ermənistanda da baş tutacaq seçkilərə artan maraq sadəcə daxili məsələlərlə məhdudlaşmır:

“Xaricdən də bu proses diqqətlə izlənilir. Məlum məsələdir ki, Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanın xarici siyasətində öz sələflərindən bir xeyli fərqli addımlar atdı. Ermənistanda Paşinyan qədər həm Rusiyaya, həm də Qərbə “sağ göstərib, sol vuran”, “iki stulda əyləşən” bir siyasətçi olmamışdır desək, zənnimcə yanılmarıq. Çünki bu günə qədər hakimiyyətdə olan kəslər Rusiyanın maraq dairəsində idisə, Paşinyan bu dairədən kənar şəkildə kürsüyə yiyələndi. Lakin Rusiyanın bölgədə nisbətlə daha dominant olması ona özünü də qorumaq üçün bəzi kritik məsələlərdə uzlaşmaya, yumşalmaya getməkdən başqa çıxış yolu qoymadı”.

Həmsöhbətimiz əlavə edib ki, hazırkı vəziyyətdə Nikol Paşinyanın ilkin prioriteti və fokusu növbəti dönəm üçün öz siyasi hakimiyyətini qarantiya altına almaqdır:

“Məğlub olacağı təqdirdə ən pis vəziyyəti yaşamamaq ssenarisini birinci olaraq aradan çıxartmaq istəyir. Bu baxımdan o seçki infrastrukturunda zəif cəhətləri qiymətləndirmək və yumşaltmaq üçün qanunvericiliyin yenilənməsini, dezinformasiyaya qarşı mübarizəyə media və siyasətçiləri fəal şəkildə cəlb etməyi, təhdidlərin tez aşkarlanmasını təklif edir. Onların cavablandırılması üçün möhkəm əməkdaşlıq şəbəkələrinin yaradılmasına da gedir. Paşinyan özünü çoxşaxəli təhlükələrdən qorumaq üçün bu möhkəm müdafiə strategiyalarını həyata keçirməyə çalışır. Seçkiyə müdaxilə açıqlamasını verməklə o həm məlumatlandırır, həm də seçkilərin bütövlüyünü qoruyacağı fonunu yaradır, demokratik proseslərdə ictimai etimada ümid etdiyini, xalqa söykəndiyini göstərir”.

A. Badamov əmindir ki, seçkilərə müdaxilə ilə yanaşı, xarici və daxili təhdidlərin də artması müşahidə olunur:

“Ermənistanın baş naziri bildirir ki, “Hüquq-mühafizə orqanları Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün “kriminal-oliqarx-kilsə” dairələrinin irimiqyaslı və çirkin planının qarşısını alıblar”. Şübhəsiz ki, Paşinyanın paylaşımında “Civic” nəşrinin məqaləsinə istinad etməsi də, ehtiva olunan şəxslərin, təsisatların adının çəkilməsi də təsadüf deyil”.

“Başladılan heç bir münaqişədə və müharibədə tam qalib mövcud deyil. Xarici siyasət məqsədlərinə resurslar, alətlər vasitəsilə nail oluna bilinmədiyindən böyük güclər regionlarda fiqurları dəyişdirmək variantlarını nəzərdən keçirir, alternativləri dəyərləndirirlər. İsrail-İran savaşında da eyni haçalanmanın şahidiyik. Məsələn, Qərb və Rusiya olmaqla bir tərəfi narahat edən məsələ Tehranın nüvə proqramıdırsa, başqa tərəf daha çox Tehranın qərbyönümlü olması və ya rejimin dağılması perspektivindən narahatdır. Bu baxımdan Ermənistanda keçiriləcək seçkilər diqqətləri və maraqları yenidən Cənubi Qafqaza yönləndirəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600