Paşinyanın sağ qalmaq SAVAŞI: Ermənistanda hakimiyyət-kilsə qarşıdurması BÖYÜYÜR
“Paşinyan erməni kilsəsi ilə mübarizə aparmasaydı, devriləcəkdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.
Politoloq Ermənistan hökumətinin müxalif fəallara və siyasətçilərə qarşı repressiyaya başlaması ilə bağlı erməni mediasının yazdığı məlumatı şərh edib:
“Ermənistanda kilsə və hökumət arasındakı gərginlik yeni gün üzünə çıxsa da, əslində, bu problemin kökü uzun illərə dayanır. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ona qarşı əsas müqavimət göstərən kütlə məhz Ermənistan kilsəsi olub. Bu müddət ərzində ermənilərin baş arxiyepiskopu İkinci Qaregin Paşinyana qarşı olan müxalifətə qeyri-rəsmi şəkildə rəhbərlik edib. Təsadüfi deyil ki, 2024-cü ildə Paşinyana qarşı Tavuşda meydana gəlib İrəvana doğru uzanan və İrəvanda Paşinyanın istefasını tələb etməklə aksiya keçirən keşiş Badrat Qalstyanın rəhbərlik etdiyi aksiya təsadüfi deyil ki, məhz Qaragenin tapşırığı və əmri əsasında təşkil olunmuşdu”.
Z. Əmrəliyev qeyd edib ki, Paşinyan hökuməti kilsə ilə mübarizə aparmasaydı, devrilə bilərdi:
“Ona görə ki ona qarşı aparılan anti-təbliğatın başında kilsə dayanıb. Erməni kilsəsi bu müddət ərzində Ermənistanda ruhani idarədən daha çox siyasi ideoloji mərkəz funksiyasını yerinə yetirib, əsas bağlantısı da erməni diasporu və Rusiya kəşfiyyatı ilə olub. Faktiki olaraq Moskvadan gələn əmrləri və Avropa, Amerikadakı erməni diasporunun əmrlərini yerinə yetirməklə məşğul olub. Erməni diasporunun əsas maliyyə axınları da məhz erməni kilsəsinin ətrafında dövr edir. Bunun nəticəsi olaraq bu kilsə müxtəlif şəxslərə, öz maraqlarını müdafiə edəcək şəxslərə güclü maliyyə axını təmin edir və həmin şəxslərin özünü siyasi ideyalarının daşıyıcısı kimi cəmiyyətə sırımağa çalışır. Nikol Paşinyanın onlara qarşı bu mübarizəsi təbiidir. Bu mübarizə axır əvvəl olmalı idi, çünki bu mübarizə olmasaydı, Paşinyan devriləcəkdi”.
Nurlan Cəfəri