Türkiyənin 11-ci prezidenti Abdullah Gül bugünkü cümə namazından sonra haqqında yayılan xəbərlərə münasibət bildirib.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Abdullah Gül cümə namazını qıldığı Esenyurt Serhan Tirit Mərkəzi Camisindən çıxarkən CHP-nin keçmiş lideri Deniz Baykalın onun da adının hallandırıldığı açıqlaması ilə bağlı bunları deyib:
“Ötən günlərdə bir siyasətçinin mənsub olduğu partiyanın daxilindəki hesabları və siyasətlərinə dair açıqlamasında seçdiyi taktika məni də diqqət mərkəzinə gətirdi. Açığı, barəmdə deyilən o sözləri heç ciddiyə almadım. Çünki 367 məsələsinin necə ortaya çıxdığını, Türkiyənin indiki şərtlərə necə gəldiyini bilirəm. Ancaq bəzilərinin o sözləri ciddiyə aldıqlarını məyusluqla müşahidə edirəm”.
Keçmiş prezident bu məsələdə ona məsləhət verməyə həvəslənənlərin olduğunu da deyib:
“Bəzi dostlar hətta hörmət çərçivəsini də aşaraq mənim nə etməli olduğumla bağlı tövsiyə verəcək qədər irəli getdilər. Uzun müddətdir bəzi dairələr AKP-nin əsl öncüllləri, qurucuları, partiyanın daxili-xarici nüfuzunun yüksəlməsində əməyi keçən dostlar haqqında əxlaqdan kənar fikir bildirirlər. Bütün bunların necə təşkil olunduğunu dünya-aləm bilir”.
Gül əvvəl dediyi fikri təkrarlayaraq, gündəlik siyasətə girməyəcəyini söyləyib:
“7 il ərzində tərəfsiz olaraq, prezidentlik etdim, gündəlik siyasətə qarışmayacağımı bildirdim. Lazım gəldikdə bütün təcrübəmi ölkəmin mənafeyinə sərf etmək kimi məsuliyyətim var. Ölkə onsuz da yetərincə qütbləşib, Türkiyənin irəli baxması lazımdır”.
Xatırladaq ki, CHP-nin sabiq lideri və indiki millət vəkili Deniz Baykal son açıqlamalarından birində Abdullah Gülün referendumda 49 faizə yaxın səs qazanan “Xeyr” düşərgəsinin prezidentliyə namizədi ola biləcəyini söyləmişdi.
Yeniçağ.Az