“Valideynlər övladlarının yanında olduqlarını, onları anladıqlarını hiss etdirməlidirlər”.
Bu fikirləri imtahanlardan zəif nəticə əldə edilməsinin abituriyentlərin psixologiyasına təsiri haqda danışan psixoloq Zeynəb Əyyubova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, valideynlər imtahan ərəfələrində övladlarına münasibətdə daha həssas olmalıdırlar:
“İmtahanlarda uğursuz nəticə əldə etmək abituriyentlərin psixologiyasına mənfi təsir göstərir və onlarda özlərinə inam hissi xeyli azalır. Çünki bu onların həyatında qarşılaşdıqları ilk ciddi uğursuzluq sayılır.
Bu zaman valideynlərin ən başlıca vəzifəsi öz övladlarına dəstək olmaqdır. Valideynlər övladlarının yanında olduqlarını, onları anladıqlarını hiss etdirməlidirlər. Eyni zamanda, valideynlər imtahanın nəticəsindən asılı olmayaraq, onlara dəyərli övlad olduqlarını bildirməlidirlər.
Həmçinin valideynlər övladlarının imtahanlarda zəif nəticə göstərmələrinin səbəblərini də dərindən araşdırılmalıdırlar. Bəzən diqqət və yaddaş yetərsizliyindən, bəzən də həddindən artıq həyəcanlanma səbəbindən abituriyentlər istədikləri nəticəni əldə edə bilmirlər. O baxımdan, problemi və onun həll yollarını araşdırmaq valideynin borcudur”.
Nuray Məmmədzadə
www.yenicag.az