“Bəzən gənclər populyar ixtisas yerinə, populyar universitet seçirlər”.
Bunu abituriyentlərin əmək bazarına uyğun ixtisas seçmələri barədə danışan təhsil eksperti Rizvan Fikrətoğlu Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ixtisas seçimi kənardan bir çoxlarına adi görünsə də, olduqca diqqət tələb edən prosesdir.
“Elə ixtisas seçilməlidir ki, gələcəkdə o istiqamət üzrə şəxs həm özünü yetişdirə bilsin, həm də karyerasını qurmağı bacarsın. Abutriyent seçdiyi ixtisasa “hansısa ixtisasa qəbul olum, təki ali təhsilim olsun” prinsipindən yanaşmamalıdır.
Bəzən gənclər populyar ixtisas yerinə, populyar universitet seçirlər. Bu, tamamilə yanlışdır. Əsas diqqət ixtisasa yönəlməli, ixtisas seçimi zamanı şəxsin istək və bacarığı önə çəkilməlidir. Məsələn, kimsə İT, hüquqşünas kimi sahələrdə uğur qazanıbsa, bu o demək deyil ki, başqa bir tələbədə də eynisi olacaq. Bu ixtisaslara qəbul ola bilərsiniz, lakin nə qədər uğur qazanacağınız sual altındadır. Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, İT mütəxəssisi var. Çox təəssüf ki, bunlar bizə heç nə qazandırmır.
Gələcəyin ixtisaslarına gəlincə, buraya tibb, kompüter elmləri, oğlanların çox da sevmədiyi müəllimlik, dijitallığa və daha çox dəqiq elmlərə əsaslanan ixtisasları daxil etmək olar. Məsələn, maşınqayırma, cihaz mühəndisliyi, mexanika, iqtisadiyyat, maliyyə, mühasibat tipli ixtisasları bir ixtisas altında birləşdirib inkişaf etdirmək olar.
Kənd təsərrüfatı ixtisasları lazımlı olsa da, bu qrupda fərqli problemlər var. Bu gün savadlı aqrononm, şərabçı çətin tapılır. Çünki bu tip ixtisaslara yanaşma çox aşağıdır. Balı aşağı olan şagird 150-200 balla aqronom ola bilsə də, kənd təsərrüfatı texnikalarından anlayışı olmur.
Bəzi ixtisaslar yenilənmə tələb edir. “Kitabxana və informasiya” nə deməkdir? Ölkədə rəqəmsallaşma gedir, bu ixtisası “Rəqəmsallaşma və informasiya texnologiyaları” adı ilə yeniləmək mümkün deyilmi? Bəzi tələbələr oxuduğu ixtisasın mahiyyətini anlamır. Fikrimcə, ixtisaslar üzrə dərin islahatlara ehtiyac var”.
İsmayıl Bakuvi
www.yenicag.az