ABŞ - Çin danışıqları: Pekin müttəfiqi Rusiyanı dayandıracaq? - ŞƏRH

media-hightechnic-468x90

“Rəsmi Pekin böhranın aradan qaldırılmasına, ən azı atəşkəsin əldə olunmasına nail olmaq məqsədilə bu və ya digər formada Rusiyaya təsir göstərə bilər”.

Bu sözləri siyasi şərhçi Rəşad Bayramov ABŞ və Çin liderləri arasında keçirilən görüşün nəticələrini Yenicag.az-a şərh edərkən deyib.

O bildirib ki, iki ölkə arasındakı mövcud iqtisadi problemlər dolayı yolla bütün dünyaya təsir göstərirdi:

“Bir neçə gün əvvəl ABŞ və Çin arasında ticarət razılaşmasına dair çərçivə sazişinin imzalanması tərəflərin görüşdə ortaq məxrəcə gələcəyi ehtimalını daha da artırırdı. Hər iki ölkə qarşılıqlı olaraq tətbiq etdikləri tariflərin azaldılması, Çinin ABŞ-yə nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılığa gəldi. ABŞ lideri görüşü mükəmməl adlandırıb və 10 ballıq sistemdə 12 olaraq qiymətləndirib. Yəni Ağ Ev sahibi üçün bu təmas gözləniləndən də uğurlu alınıb. O, həmçinin qeyd edib ki, Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində Çinlə birgə əməkdaşlıq edəcəklər. Sadəcə, Çinin Rusiyanın enerji resurslarından imtinaya dair hər hansı məsələni müzakirə edib-etmədiyi məlum deyil”.

Ekspert vurğulayıb ki, Rusiyanın müharibədə məğlub olması Çinin maraqlarına uyğun deyil:

“Lakin müharibənin dayandırılması və bu fonda Rusiyaya qarşı sanksiyaların yumşaldılması rəsmi Pekini maraqlandıra bilər. Çünki bu sanksiyalar dolayı yolla da olsa, Çinə təsir edir. Hazırda Rusiya–Çin ticarət dövriyyəsi 160 milyard dollardır, Pekin və Vaşinqton arasındakı ticarət dövriyyəsi isə 700 milyard dollara bərabərdir. Çin ABŞ və Avropa İttifaqı ilə ticarət əlaqələrini Rusiyaya qurban vermək niyyətində deyil. Oktyabrın 23-də Çin hökumətinin nəzarətində olan beş böyük şirkət rus neftinin ticarəti ilə bağlı yeni müqavilələr imzalamaqdan imtina edib. Çin müttəfiqini satmasa da, müharibənin dayandırılmasında maraqlıdır. Həmçinin onu da qeyd edək ki, Çin Tayvan məsələsinə görə ölkələrin ərazi bütövlüyünə həssas yanaşır. Düşünürəm ki, rəsmi Pekin böhranın aradan qaldırılmasına, ən azı atəşkəsin əldə olunmasına nail olmaq məqsədilə bu və ya digər formada Rusiyaya təsir göstərə bilər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa