ABŞ Çin istehsalı olan bəzi dronların idxalına qadağanı ləğv etdi
ABŞ Federal Rabitə Komissiyası (FCC) xarici dronların idxalına əvvəllər tətbiq edilən məhdudiyyətlərdən azad olan dronların siyahısını genişləndirib.
Yenicag.az xəbər verir ki, bu barədə “DroneDJ” nəşri məlumat yayıb.
Məlumata görə, tənzimləyici orqan Çində istehsal olunan bəzi modellərin idxalına icazə verib və onların milli təhlükəsizliyə təhdid yaratmadığını etiraf edib.
Qərar yalnız “oyuncaq dronlar” kimi tanınan növə şamil edilir. Qoyulan yeni qaydalara əsasən, dronların kütləsi maksimum 150 qram təşkil etməli, birbaşa görmə məsafəsində 100 metrədək hərəkət etməlidir. Həmçinin cihazın kamerası, izləmə sensorları, internet bağlantısı və şəbəkə xüsusiyyətləri olmamalı, eyni zamanda, havada qalma müddəti 10 dəqiqəni keçməməlidir.
FCC rəsmiləri bildiriblər ki, bu qərar ABŞ Müdafiə Nazirliyinin müvafiq rəyindən sonra verilib. Nazirliyin gəldiyi qənaətə görə, qeyd olunan bəsit cihazlar milli təhlükəsizliyə xələl gətirə biləcək texniki parametrlərə malik deyillər. Başqa sözlə, bu dronlarda müasir əlaqə vasitələri, informasiya yığma potensialı, uzaq məsafəyə uçmaq və əlavə yük daşımaq qabiliyyəti yoxdur.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında FCC tərəfindən Çin istehsalı olan bütün PUA-lar və onların vacib hissələri qara siyahıya əlavə edilmişdi. Nəticədə, həmin cihazların ABŞ bazarında satılması üçün tələb olunan məcburi sertifikatların verilməsi dayandırılmışdı. Amma daha öncədən sertifikatlaşdırmadan keçmiş məhsulların satışı və istifadəsinə qoyulan icazə öz qüvvəsini saxlayıb.













