ABŞ-dəki möhtəşəm GÖRÜŞ: Bakı əsassız “işğal” iddialarını BELƏ BİTİRDİ
“Azərbaycan sülhü seçən, regionda sabitliyə töhfə verən dövlət kimi mövqeyini bir daha təsdiqlədi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.
O, Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasının siyasi qələbə kimi bütün dünyada Azərbaycana bir daha nüfuz qazandırmasından danışıb.
Politoloq bildirib ki, uzun müddət bəzi dairələr əsassız, təxribatçı iddialar irəli sürürdülər ki, guya Azərbaycan yaxın günlərdə Zəngəzuru işğal edəcək:
“Belə sərsəm, əsassız iddialar ABŞ-də baş tutan möhtəşəm görüşdən sonra sona çatdı. Proseslərin Azərbaycan tərəfindən yenə də sülhlə sona çatdırılması bu sərsəm sözləri, əsassız iddiaları və arqumentləri həm hüquqi, həm də siyasi baxımdan avtomatik olaraq etibarsız etdi. Azərbaycan sülhü seçən, regionda sabitliyə töhfə verən dövlət kimi mövqeyini bir daha təsdiqlədi. İndiyə qədər ATƏT-in Minsk qrupundan öz məqsədləri üçün istifadə edən Fransa belə həmin görüşü dəstəklədiklərini bildirdi. “Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir” deyən İran da sözügedən müqaviləni sabitliyə gedən yol kimi qiymətləndirdi”.
“Azərbaycan öz xarici siyasəti ilə sübut etdi ki, qətiyyətlidir, mövqeyi dəqiqdir və sülhdən başqa regionda sabitliyi təmin edəcək yol yoxdur. Müqavilə regionda Azərbaycanın “təhlükə mənbəyi” kimi təqdim edilməsinə çalışan qüvvələrin əlindən bu fürsəti aldı, onların təbliğat vasitələrini zərərsizləşdirdi. Proseslər Azərbaycanın yalnız hüquqi sənəd deyil, həm də informasiya müharibəsində ideoloji və strateji qələbəsi deməkdir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli