“Azərbaycan və ABŞ əlaqələri müstəqillik illərinin əvvəllərindən enişli-çıxışlı olub. ABŞ Azərbaycana həmişə birmənalı yanaşmayıb. İşinə gələndə dostluqdan danışıb, işi bitəndə isə yenə oyunlarına başlayıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi Azərbaycan və ABŞ arasında münasibətlərin gərginləşməsindən söz açıb.
Xatırladaq ki, ötən həftə Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər. Belə ki, 43 deputat hökumətdən ABŞ ilə sazişlərə xitam verilməsini, habelə USAID-in ölkəmizdəki layihələrinin dayandırılmasını istəyib.
Məsələyə münasibət bildirən A. Qasımov söyləyib ki, Azərbaycanın ABŞ ilə əlaqələri ilk günlərdən yaxşı başlamayıb:
“ABŞ Azərbaycanın torpaqları işğal altında olanda belə ölkəmizə qarşı “Azadlığın qorunması” qanununa 907-ci düzəliş adlı qərarla sanksiyalar tətbiq edib ki, indi də bu qərar qüvvədədir. Sonralar isə NATO çərçivəsində Əfqanıstanda, Kosovada Azərbaycanla əməkdaşlığa başlanılıb. Azərbaycan ABŞ-nin Əfqanıstanda əməliyyatları üçün vacib logistik nəqliyyat dəhlizinə çevrilib, eyni zamanda, Azərbaycan əsgəri Əfqanıstanda mühüm vəzifələr icra edib. Amma görünən odur ki, ABŞ yenidən özünün iç üzünü göstərməyə başlayıb. Azərbaycanın Ermənistan üzərində qələbəsindən və əraziləri üzərində suverenliyini bərpa etməsindən sonra ABŞ yenidən təzyiq və hədə yolu tutub”.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistanla tez-tələsik yarımçıq sülh bağlamamaq istəyi ABŞ-nin Cənubi Qafqazda Ermənistan üzərindən olan planlarını pozur və ABŞ-nin regiona daxil olmasını ləngidir.
Eyni zamanda, politoloq vurğulayıb ki, ABŞ-də prezident seçkiləri öncəsi erməni lobbisinin dəstəyini almaq istəyən demokratlar bu sülh müqaviləsini öz maraqları üçün istifadə etmək istəyirlər.
Siyasi təhlilçi onu da əlavə edib ki, ABŞ-nin Azərbaycana qarşı son təzyiqləri fonunda Azərbaycanın geri çəkilməyəcəyi aydın məsələdir:
“ABŞ yaxşı başa düşür ki, bu yolla Azərbaycana heç bir iddiasını qəbul etdirə bilməyəcək. Amma təzyiq görüntüsü yaratmaqla seçkiqabağı manipulyasiyalar etmək istəyir. Məsələ ondadır ki, Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir. Azərbaycanla əlaqələri kəsmək Ermənistan üzərindən oynanılan oyunların da sonu deməkdir. Azərbaycan, əgər görsə ki, ABŞ ilə artıq əlaqələr geri dönməz hal alır, təbii ki, Ermənistanın təhlükəsizliyini təhlükə altına qoyacaq və Qərbin Ermənistan üzərindən regiona daxil olmaq planlarının üstündən xətt çəkəcək. Bu da Qərbin Cənubi Qafqaza daxil olmaq istəyinin iflası olacaq.
Hesab edirəm ki, Azərbaycan və ABŞ münasibətlərinin Ermənistan səbəbindən gərginləşməsi hər iki ölkənin maraqlarına ziddir. ABŞ-nin isə bunu daha yaxşı anlaması lazımdır. Azərbaycanın ABŞ-siz də öz siyasətini yürüdəcəyi mütləqdir. Amma ABŞ-nin regionda vacib tərəfdaşını itirməsi onun Cənubi Qafqaz siyasətinin sonu olar”.
Rafi Müslümov
www.yenicag.az