ABŞ hərəkətə keçdi: Axşamkı görüşdə Ukraynanın taleyi HƏLL OLUNACAQ?
“Ukrayna məsələsi ikinci görüşdə daha çox müzakirə olunacaq”.
Bu sözləri bu gün baş tutacaq ABŞ-Rusiya görüşü və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, görüş Ukrayna məsələsindən daha çox Rusiya-ABŞ münasibətləri ilə bağlı olacaq:
“Bu görüşdə Ukrayna probleminin həll olmasından öncə Rusiya-ABŞ münasibətlərinin normallaşması kimi qiymətləndirmək lazımdır. Hər iki tərəfin nümayəndə heyətinin tərkibinə baxsaq, orada təkcə siyasi və hərbi sahənin rəhbərləri yox, həm də böyük şirkətlərin nümayəndələri də yer alıb. Bu, o deməkdir ki, əsas məsələ ABŞ-Rusiya münasibətləri olacaq. İkinci məsələ isə Rusiya-Ukrayna müharibəsi olacaq. Donald Tramp Nobel Sülh Mükafatına iddialıdır. Ona görə də o çalışır ki, ən azı, atəşkəs əldə olunsun. Bundan əlavə, atom silahı olan dövlətlər arasında münaqişələrin baş verməməsidir, yaxud olanların da aradan qaldırılmasıdır. Böyük ehtimalla, növbəti görüşün vaxtı müəyyən olacaq”.
Onun sözlərinə görə, axşamkı görüşdə Ukrayna məsələsi açıq qalacaq:
“Donald Tramp axırıncı çıxışında bildirib ki, o Ukraynanın ərazi mübadiləsi və ərazilərinin itirilməsi məsələsinə toxunmayacaq, buna özləri qərar verəcəklər. Ukrayna məsələsi ikinci görüşdə daha çox müzakirə olunacaq. ABŞ ilə Rusiya arasında iqtisadi müqavilə imzalanacaq. Süveyş kanalının qorunması, Alyaskanın birgə istismarı, Ukrayna ərazisində olan mineral ehtiyatların birgə istismarı və Zaporojye atom stansiyasının ABŞ-yə verilməsi müzakirə olunacaq”.
Səxavət Məmməd