Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"ABŞ-ın Əfqanıstandan çıxmasının qarantı Pakistandır" - Hərbi ekspertdən münasibət

Reklam: Sinerji Pro

ABŞ Əfqanıstandakı hərbi kontingentini bu ölkədən çıxarır. Ötən ayın ortalarında ABŞ Prezidenti Co Bayden Amerika qoşunlarının payızda Əfqanıstanı tərk edəcəyini bəyan etmişdi. Hərbi kontingentin çıxarılması sentyabrın 11-dək – 2001-ci ilin sentyabrında Nyu York və Vaşinqtonda törədilmiş terror aktlarının 20-ci ildönümünədək başa çatacaq.

Əfqanıstanda Türkiyə sülhməramlı qüvvələrinin tərkibində Azərbaycan sülhməramlı qüvvələri də xidmət edirdi. ABŞ-ın qoşunlarını çıxarması Azərbaycanın sülhməramlı kontingentin də Əfqanıstandan çıxmasını gündəmə gətirib.

ABŞ-ın Əfqanıstandan qoşunlarını geri çəkməsi və Azərbaycan sülhməramlı kontingentin taleyi barədə hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib.

Tərlan Eyvazov bildirib ki, ABŞ-ın Əfqanıstandan çıxmaqdan başqa şansı yox idi:

“20 il öncə bəzi ekspertlər, politoloq deyirdi ki, Əfqanıstanın beli qırıldı, ABŞ silahı öz işini görəcək. Elə o zaman da bildirdim ki, Əfqanıstanda ABŞ-ın möhkəmlənməyi mümkün deyil. Əfqanıstana heç bir sərkərdə qalib gələ bilməyib. Çünki orada yaşayan xalqlar həddən artıq qürurlu və döyüşkəndirlər. Hətta İsgəndər Zülqrneyi onlara qalib gələ bilmədi, sonda oradakı tayfaların birinin qızı ilə evləndi və onları özünə müttəfiq etdi. 16-cı əsrdə türk-moğol imperatoru Babur Hindistanı fəth etmək üçün əfqan feodallarının birinin qızı ilə evləndi, müttəfiq oldu və Hindistanı fəth etdi. Əfqanıstanda yalnız Çingiz xan qalib sayılır. O da, nəvəsi orda öldürüldüyü üçün əmr verir ki, nəinki insanları, bütün canlıları məhv edin. O ölkə heç kəsə boyun əyməyib. Eləcə də, mənim də iştirak etdiyim Əfqanıstan müharibəsində o dövrün Sovet rəhbərliyinin səhv siyasəti SSRİ kimi qüdrətli dövlətin süqut etməsinin əsas səbəblərindən biri oldu. Rusiya rəhbərliyi bundan çox yaxşı nəticə çıxardı. ABŞ Əfqanıstana daxil olanda taliblər dağlara və kəndlərə çəkildilər. ABŞ ənənəvi olaraq böyük şəhərlərdə hakimiyyəti ələ ala bildi. 2001-ci ildən bu yana Taliban Əfqanıstandan çıxmayıb. Zaman-zaman müqavimət göstəriblər. Yerli əhalidən də zəkat alırdılar.

Əfqanıstan rusların tanıması ilə 1921-ci ildə yaranmış dövlətdir. 1996-2001-ci illər ərazində Əfqanıstanda narkotik istehsalını və satışını dayandıra bilmişdilər. ABŞ əraziyə girəndən sonra yenidən narkotik istehsalı və satışı başladı. Taliblər oradan qazandıqları pullarla Rusiya ilə əməkdaşlıq edib, silah almağa başladılar. Necə ki, SSRİ-Əfqanıstan müharibəsi vaxtı ABŞ, Qərb ölkələri əfqanları SSRİ-yə qarşı silahlandırırdı. Eləcə də, eyni cür Rusiya davrandı. O vaxtdan taliblərlə Rusiya arasında əməkdaşlıq başladı. ABŞ-ın müvafiq orqanları buna münasibət bildirsə də, Rusiya geri addım atmadı. Talibanın nümayəndələri Moskvada görüşlər keçirirdi. Halbuki, Rusiya Talibanı terrorçu təşkilat kimi tanıyır.

Çox maraqlıdır ki, Taliban Özbəkistan, Türkmənistan, Tacikistanla sərhədləri nəzarət altına götürüb və rəsmi Moskva ilə açıq danışıqlar aparır. ABŞ tərəfi də, 10 il öncə gördü ki, Əfqanıstan bataqlıqdır, Talibanla danışıqlara gedib, məsələni sülh yolu ilə həll edərək  koalisyon dövlət yaradıb, ordan çıxmaq istədi. Müəyyən danışıqlar oldu, razılaşmalar əldə edildi, ancaq Taliban ABŞ-la tamamilə razılaşa bilmədi. 2015-ci ildə ABŞ-da məsələ qaldırıldı ki, Əfqanıstanda qalmağın mənası yoxdur. O zaman Əfqanıstan hakimiyyəti xahiş etdi ki, ABŞ ordusu qalsın.

Donald Trampın vaxtında da bu məsələ qaldırıldı. Ancaq avanturist Tramp buna getmədi. Siyasətdə saç ağartmış Co Bayden hakimiyyətə gələndən sonra, Əfqanıstandan ABŞ qoşunları çıxmağa başladı.

Hazırda Taliban 20 il əvvəlki Taliban deyil. Heç də asıb-kəsmir. Talibanı Əl-Nüsrə, İŞİD-lə bərabərləşdirənlər olduqca böyük səhv edirlər. Talibanı digər islamçı radikal qruplarla eyniləşdirmək olmaz. Taliban İŞİD-ə qarşı döyüşür və o qrupların Orta Asiyada yayılmasının qarşısını alıb. Taliban bildirir ki, hökumət nümayəndələri ilə işimiz yoxdur. Hər biri silahı atıb, bizə tərəf keçə bilərlər. Əfqan əsgərlərinə, dövlət qulluqçularına mükafat sözü veriblər. Ona görə də, bəzi yerlərdə güllə atmadan belə birləşmələr hamısı Talibanın tərkibinə keçir. Məlum oldu ki, nəinki Rusiya, Türkmənistan da Talibanla danışıqlar aparır. Öz sərhəddinin təhlükəsizliyinin qarantını onlardan alır. İddia olunurdu ki, Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanla Rusiya arasındakı dövlətlərə hücum edəcək. Taliban isə bildirir ki, bizim elə bir düşüncəmiz yoxdur. Ona görə də, məxsusi olaraq sərhəddi bağladılar. Talibanın əsas qüvvəsi puştulardır, onlar da Əfqanıstanın cənubunda yaşayırlar. Şimal sərhədində isə özbəklər, taciklər yaşayır. Talibanın apardığı indiki mübarizə İŞİD-inki kimi olmadığı üçün ABŞ-la da aralarında centilmen razılaşmanın olduğunu deməyə əsas verir”.

Azərbaycan kontingentinin taleyinə gəldikdə isə, Tərlan Eyvazov bu fikri səsləndirib:

“Azərbaycan kontingenti Türkiyə kontingentinin tərkibinə daxildir. Türkiyə bütün müsəlman ölkələrində, əsas da sünnilərin yaşadığı ölkələrdə olduqda müsbət imicə malikdir. Bu illər ərzində Türkiyə hərbçilərinə, eləcə də, onların tərkibində olan azərbaycanlılara qarşı hər hansısa bir diversiyanın, əməliyyatın keçirildiyinin şahidi olmamışıq. Bu ondan irəli gəlir ki, istər əfqan xalqının, istər iqtidarın, istərsə də silahlı müxalifətin Türkiyəyə, türk xalqına sayqısı sonsuzdur. Zamanında orada xidmət etdiyimdən bilirəm ki, əfqanların azərbaycanlılara hörməti həddindən artıq çoxdur. Böyük ehtimalla, ABŞ Türkiyə ilə razılaşıb ki, bəzi çox önəmli yerlərin təhlükəsizliyinin təminatını Türkiyə öz üzərinə götürsün. ABŞ oradan tam çıxdıqdan sonra, Türkiyə kontingenti də oradan çıxacaq. İnanmıram ki, ABŞ oradan çıxandan sonra, Türkiyə ordusu əfqan hökumətinin tərəfində durub, Talibanla vuruşsun. Burada hər şey öz həllini tapıb. Çox güman ki, Taliban hakimiyyəti ələ alacaq. Nəinki Rusiya, Orta Asiya ölkələri də Talibanla razılığa gəlib. Taliban hakimiyyəti tam ələ aldıqdan sonra, onu ilk tanıyan ölkələr arasında Rusiya və İran, daha sonra Orta Asiya respublikaları olacaq.

Rusiyada çox məsələlər Jirinovskinin dilindən şüarlar şəklində səsləndirlir. Onun Dumada 1996-cı ildə çıxışında “Rusiya Talibanı tanımalıdır” demişdi. Jrinovskinin o vaxt səsləndirdiyi fikirləri indi daha çox yayıb, vurğulayırlar. Talibanın bu gün Moskvada, Aşkabadda görüşlər keçirməsi razılaşmanın olduğunu göstərir. Əfqanıstanda ABŞ-ın olmağındansa, Talibanın olması Rusiyaya daha çox sərf edir. ABŞ-ın Əfqanıstandan çıxmasının qarantı Pakistandır. Pakistanın Əfqanıstanda sözü keçərlidir. Talibanın əsas maliyə qaynaqları Qətər və məhz Pakistandır”.

Səxavət Məmməd

www.yenicag.az

324
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100