ABŞ-İran anlaşması: Diplomatik qələbə, yoxsa praqmatik kompromis?

media-hightechnic-468x90

 

media-banner_tkm

“Bu müharibənin qazananı böyük ölçüdə İran oldu.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq dünən rəsmi şəkildə elan edilən ABŞ-İran anlaşmasını analiz edib:

“ABŞ və İran arasında qarşılıqlı anlaşma əldə edilib. Bu anlaşma 14 bənddən ibarətdir. Ümumi yanaşma sərgiləmiş olsaq, əgər həqiqətən bu gün KİV-də yayılan bəndlər üzərində anlaşma varsa və imzalanacaq müqavilənin mətnini təşkil edəcəksə, bu, İran tərəfinin mütləq qələbəsi deməkdir. Bunu detallar üzrə təhlillər apararaq sübut etmək mümkündür. İlk növbədə, fevralın 28-də ABŞ və İsrailin İrana hücum etməsi mahiyyət etibarilə İranın xeyrinə bitmiş oldu. Bir qayda olaraq, münaqişə ilə bağlı nəzəriyyələrdə münaqişənin neqativ funksiyaları ilə yanaşı, pozitiv funksiyaları da qeyd edilir. Bu müharibənin İran üçün pozitiv funksiyasını izlədik. İlk növbədə ona görə ki, İran İslam Respublikası yarandığı gündən etibarən sanksiyalar altında yaşayırdı və bu anlaşmaya əsasən İranın neft-kimya məhsullarına qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. Bu, İran üçün tarixi bir qələbə olacaq. Əgər İran iqtisadiyyatına tətbiq olunan sanksiyalar aradan qalxarsa, bu, İran iqtisadiyyatı üçün böyük sıçrayışa səbəb olacaq. Eyni zamanda, İranla iqtisadi əməkdaşlıq edən ölkələr üçün də böyük imkanlar açılacaq. Bundan sonra iqtisadi inkişaf baxımından yeni bir obrazda İran görə bilərik. Digər tərəfdən, ABŞ dinc məqsədlərlə İranın nüvə proqramını davam etdirməsinə razılıq verir. Buna qədər ABŞ üçün bu “qırmızı xətt” hesab edilirdi. Ən azından müəyyən müddətə proqramın dondurulmasına israr edirdi. Biz görürük ki, artıq bu məhdudiyyət yoxdur. İran da öz növbəsində, nüvə silahı əldə etməyəcəyi ilə bağlı öhdəlik götürəcək.”

Politoloq anlaşmada olan əsas bəndlərə toxunaraq, hər iki tərəf üçün uyğun anlaşma olacağını qeyd edib:

“Regionda yeni tarixi mərhələ başlayır. İran razılaşma mətnində Amerikanın İrana yaxın ərazilərdən hərbi birləşmələrini çıxarmasını tələb edib və gələcəkdə regionda öz hərbi mövcudluğunu genişləndirməməsini istəyib. Bu təkcə İran deyil, bütün region üçün yeni geosiyasi reallıqları formalaşdıracaq. Bu həm də İranın təsir imkanlarını genişləndirəcək və Amerikanın gələcəkdə regionda hərbi kontingentini genişləndirməməsi Çin və Rusiyanın maraqlarına cavab verir. Hörmüz boğazının blokadası da mərhələli şəkildə aradan qaldırılacaq. Bu, bütövlükdə boğazdan istifadə edən ölkələrin iqtisadi maraqlarına cavab verir. Bu da regionda müsbət bir haldır.”

Politoloq maraqlı bir faktı ortaya çıxararaq qeyd edib ki, anlaşma mətnində İranın proksi qüvvələri ilə bağlı maddə yoxdur:

“Əvvəllər biz Amerikanın təklif etdiyi bəndlərdə İranın proksi qüvvələrinə yardımının dayandırılması ilə bağlı bəndin mütləq olduğunu görürdük, amma yekun mətndə bu şərt görünmədi. İranın tələblərindən biri də Livanda hərbi əməliyyatların dayandırılmasıdır. İsrail bu bəndlə razı olmadığını və hərbi əməliyyatları davam etdirəcəyini bildirib. Bu məsələnin necə həll olunacağını qarşıdakı günlərdə görə biləcəyik. Qeyd etdiyim məqamlar bütövlükdə İran üçün bir başlanğıcdır. İranın əsas şərtlərindən biri də kompensasiyanın ödənilməsi ilə bağlıdır. İranın bərpası üçün 300 milyarddan artıq vəsait tələb olunur. Eyni zamanda, İranın dondurulmuş pullarının qaytarılması da tələb edilir. Bu da İran iqtisadiyyatı üçün əlavə stimul ola bilər.”

E. Mirbəşiroğlu bu anlaşmada Amerikanın da qazancını sadalayıb:

“Trampın qazancı nədir? Hər şeydən öncə, öz siyasi simasını qoruya bildi. Müharibə yenidən davam etsəydi və müharibədə ABŞ böyük canlı qüvvə və hərbi itkilər versəydi, bu, Tramp komandasına çox baha başa gələcəkdi. Tramp isə bundan çəkildi. Bununla da Trampın partiyası seçkilərdə daha rahat iştirak etmək imkanı qazandı. Digər tərəfdən, Tramp bu anlaşmanı özünün qələbəsi kimi təqdim edə bilir. Tramp cəmiyyətə İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını bildirir, İran isə buna qəti etiraz etmir; onlar əvvəldən özləri də nüvə silahı əldə etməyəcəklərini bildirirdilər.”

Sonda politoloq qeyd edib ki, bu anlaşma növbəti seçkilərdə “Respublikaçılar”-a qələbə qazanmaq şansı da qazandırmış oldu.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05