“Baş verənlər Donald Trampa qarşı artıq üçüncü sui-qəsd cəhdi idi. Son olaraq bir neçə silahlı şəxsin saxlanılması və onların guya İrana bağlı olması ilə əlaqədar ABŞ xüsusi xidmət orqanlarının açıqlamaları onu deməyə əsas verir ki, bununla bağlı ortada 2 məsələ var”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O, İranın ABŞ prezidentliyinə namizəd olan Donald Trampa qarşı sui-qəsd törədə bilməsi ehtimallarını şərh edib:
“Burada birinci məsələ ondan ibarətdir ki, Trampa qarşı hər sui-qəsd cəhdi birbaşa Ağ Evin hazırkı administrasiyasının mövqelərini zəiflədir və Trampın seçkiqabağı nüfuzunun artmasına xidmət edir. Bayden hakimiyyəti də bunu birbaşa İranla əlaqələndirməklə ABŞ-nin bu gün İranla bağlı apardığı siyasətə faktiki olaraq haqq qazandırmaq niyyəti güdür.
İkinci məsələ isə ondan ibarətdir ki, İran tərəfindən Trampa qarşı sui-qəsd cəhdləri həqiqətdirsə, bu, həmçinin Bayden administrasiyasının şübhələri öz üzərindən atmaq imkanı verir. Digər məsələ isə budur ki, Vaşinqton üçün bu Tehrana qarşı növbəti addımların atılması üçün fürsət olaraq qoyulub”.
“Amma istənilən halda, İran tərəfindən belə bir aksiyanın keçirilib-keçirilməməsindən asılı olmayaraq, ABŞ üçün İrana qarşı bu və ya digər fəaliyyəti həyata keçirməkdə hər hansı bir bəhanəyə ehtiyac yoxdur. Yəni ABŞ-nin uzun illər ərzində İranla bağlı həyata keçirdiyi sanksiya siyasəti birbaşa İranın nüvə silahı hazırlanması ilə əlaqədar təhlükə fonunda baş verib ki, bu təhlükə bu gün də realdır. Bu baxımdan, əgər ABŞ İranla birbaşa müharibəyə qoşulmaq istəyirsə, bunun üçün Trampa qarşı sui-qəsd bəhanəsi elə də ciddi bəhanə deyil”, – deyə o, əlavə edib.
R. Bayramov diqqətə çatdırıb ki, bu gün İsrail ciddi şəkildə İranı müharibəyə cəlb etmək üçün aktiv kampaniya aparır:
“Həmçinin İranın da buna səssiz qalmayıb buna cavab verməsi belə bir müharibə ehtimalını artırır. ABŞ də İsrailin bir nömrəli təhlükəsizlik qarantı və İsraillə ABŞ arasında müvafiq razılaşma olduğu üçün onsuz da İranın İsrailə qarşı baş verəcək hərbi əməliyyatları zamanı ABŞ-nin birbaşa müharibəyə qoşulması üçün kifayət qədər səbəbləri olacaq”.
“Ona görə də indiki halda Trampa qarşı sui-qəsd məsələsini bəhanə edib, bu cür bəyanatlara çıxış etmək daha çox diqqəti seçkilərdə Trampı rəqib olmaq fikrindən yayındırmağa hesablanıb. ABŞ-nin uzun illər ərzində özü üçün bir nömrəli düşməni elan etdiyi İran prezident seçkiləri ərəfəsində məhz Trampa qarşı sui-qəsd həyata keçirməyi planlaşdırırsa, bu, o deməkdir ki, Amerika seçicisinin gözündə Trampın reytinqi daha da qalxacaq. Çünki uzun illər ərzində İran insanların beyninə düşmən kimi yeridilib. Ona görə də indiki halda Baydenin bəyanatına məhz ictimai rəyə təsir baxımından baxmaq lazımdır. Yoxsa, bu ABŞ-nin İrana müharibə elan etməsi üçün bir bəhanə deyil”, – o, fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az