Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan etdi
Fransa parlamentinin hər iki palatası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Yenicag.az xəbə verir ki, bu barədə Milli Məclisdə sənədin lehinə 279, əleyhinə isə 81 deputat səs verib. Müzakirələr zamanı solçu müxalifət təmsilçiləri qanun layihəsinin geri götürülməsini tələb etsələr də, onların təşəbbüsü dəstək qazanmayıb. Senatda isə qanun layihəsi 243 senatorun lehinə səsi ilə qəbul olunub, yalnız iki nəfər əleyhinə çıxıb.
Yeni qanuna əsasən, sosial şəbəkə platformaları istifadəçilərin yaşını yoxlamaq üçün xüsusi mexanizmlər tətbiq etməli, 15 yaşdan kiçik şəxslərin yeni hesab yaratmasının qarşısını almalı və həmin yaş qrupuna aid mövcud hesabları silməlidirlər. Sənəddə, həmçinin 15–18 yaş arası yeniyetmələr üçün internetdən istifadə müddətini məhdudlaşdıran “rəqəmsal komendant saatı” nəzərdə tutulur.
Qanunun Fransa Prezidenti tərəfindən imzalanmasından sonra sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Mövcud hesabların isə 2027-ci il yanvarın 1-dək silinməsi planlaşdırılır.
Fransa bununla Avropada sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti tətbiq edən ilk ölkə olacaq.













