ABŞ Marsa nüvə qurğusu ilə təchiz olunmuş aparat göndərəcək
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 2028-ci ilin sonuna qədər Marsa nüvə enerji qurğusu ilə təchiz olunmuş “SR-1 Freedom” (Space Reactor-1) aparatını göndərməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bunu NASA-nın rəsmi nümayəndəsi Cen Uittri bildirib.
Onun sözlərinə görə, layihənin ilkin dəyəri təxminən 2,1 milyard dollar təşkil edəcək və bu məbləğ satınalma prosesi zamanı dəqiqləşdiriləcək.
NASA hesab edir ki, layihə ABŞ-nin aşağı Yer orbitindən kənarda daha uzunmüddətli və səmərəli fəaliyyət göstərməsinə imkan verəcək nüvə sistemlərinin yaradılması istiqamətində mühüm addımdır.
Bildirilib ki, “SR-1 Freedom” aparatının hazırlanmasında əvvəlcə Ay ətrafında qurulması planlaşdırılan “Gateway” stansiyası üçün nəzərdə tutulmuş “Power and Propulsion Element (PPE)” elektrik mühərrik modulundan istifadə ediləcək.
Aparat Marsa “SkyFall” proqramı çərçivəsində hazırlanacaq üç robotlaşdırılmış helikopter çatdıracaq. Bu helikopterlər vaxtilə Marsda 72 uğurlu uçuş həyata keçirmiş “Ingenuity” modelinin bazasında hazırlanacaq.
NASA-nın qiymətləndirməsinə görə, “SR-1 Freedom” layihəsi gələcək uzunmüddətli Ay missiyaları və Mars ekspedisiyaları üçün mühüm texnoloji imkanlar yaradacaq.













