“ABŞ-ni idarə edənlər təəssüf ki, Amerikadakı ağıllı adamlara qulaq asmırlar”.
Bu sözləri ABŞ və Böyük Britaniyanın Yəməni bombalamsı, Husilərin Qırmızı dənizdə üzən gəmilərə zərbələr endirməsi və prosesin necə nəticələnəcəyini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ başda olmaqla, Qərb koalisiyası Yəməndə məğlub olacaq:
“ABŞ zəif Vyetnamı 10 il bomaladı, oraya az qala, milyonlarla ton bomba tökdü, milyonlarla insanı məhv etdi, ancaq nəticədə biabırcasına nəticədə məğlub oldu. Əfqanıstana hücum etdi, o ölkəyə 20 il ərzində trilyonlarla dollar pul xərclədi, ancaq yenə sonunda rəzil şəkildə oradan qaçası oldu. Bütün dünya gördü ki, ABŞ hətta öz əsgərlərini qoyub qaçır.
İndi ABŞ husilərə necə zərbə endirəcək? Onların konkret hərbi bazaları yox, mütəşəkkil hərbi qüvvələri yox, tankı və orduları yox… Cəmi bir neçə raket qurğuları var, onlardan istifadə edirlər. ABŞ burada da məğlubiyyətə məhkumdur. Problem ondadır ki, ABŞ başqa cür düşünə bilmir.
ABŞ senatoru Uilyam Fulbraytın “Qüvvədən qürrələnmək” əsəri var. O əsəri oxumuşam. Kitabda ABŞ-ın xarici siyasətini tənqid edirdi. Deyirdi ki, ABŞ güclü dövlətdir, gücündən qürrələnir, beynəlxalq qanunlarla hesablaşmır, çatana çatır, çatmayana daş atır. İndi də ABŞ İngiltərə ilə birlikdə Yəmənə qarşı güc tətbiq edir.
Vaxtilə Səddam Hüseyni şərlədilər ki, kütləvi qırğın silahı hazırlayır. Hücum etdilər İraqa, bombaladılar, dağıtdılar, milyondan çox insan öldü, qaçqın düşdü. İraqı bərbad günə qoydular. İndi İraqda İranın müttəfiqi olan bir hökumət var. Nəticədə məğlub oldular. ABŞ-ni idarə edənlər təəssüf ki, Amerikadakı ağıllı adamlara qulaq asmırlar. Fulbraytın “Qüvvədən qürrələnmək” əsərini oxumayıblar, oxusaydılar, özlərini belə aparmazdılar”.
Səxavət Məmməd
www.yenicag.az