ABŞ-nin qeyri-adekvat davranışı qarşısında səssiz qalan ÇİN: Mövcud vəziyyət Pekinin işinə necə yarayır?
Dünya səhnəsində çaşdırıcı bir hadisə baş verir. ABŞ məsuliyyətsiz, qeyri-sabit və qanunsuz davranışları ilə – birtərəfli hərbi əməliyyatlara başlamaqla, qlobal iqtisadiyyatı qarışdırmaqla, ittifaqları pozmaqla və uzun illər mövcud olmuş normaları əngəl kimi görməklə – dünyanın böyük hissəsini qəzəbləndirir. Buna baxmayaraq, dünyanın yüksələn supergücü olan Çin gurultulu ittihamlarla çıxış etmir və etibarsız ABŞ-yə qarşı özünü məsuliyyətli alternativ kimi təqdim etmir. Bunun səbəbini anlamaq Pekinin uzunmüddətli oyununu daha yaxşı dərk etməyə kömək edir.
Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, ABŞ və İsrailin İrana hücumu və Donald Trampın növbəti addımının nə olacağına dair dərin qeyri-müəyyənlik Çin dairələrində hakim narahatlıqdır:
“Bunun bir hissəsi öz maraqları ilə bağlıdır. Çin Hörmüz boğazından keçən neft və qazı ehtiyac duyur. Daha geniş mənada isə Çin Rusiya kimi “qanunsuz dövlət” deyil. O, anlayır ki, inkişafı açıq dəniz yollarından, işlək bazarlardan və sabit qaydalardan asılıdır”.
“Çinin strategiyası bu böhrandan istifadə edərək iqtisadi gücünü və qlobal təsirini artırmaqdır. Çin hesab edir ki, növbəti inkişaf dövrünü müəyyən edəcək qabaqcıl texnologiyalara – yaşıl enerji, robot texnologiyası, real sənayelərə tətbiq olunan süni intellekt, inkişaf etmiş istehsal və xidmətlərə – ikiqat sərmayə qoymalıdır. Bu sahələrin bəzilərində onun üstünlüyü artıq heyrətamizdir: dünyanın günəş panellərinin 80 faizini, külək turbinlərinin 60 faizini, batareyaların 75 faizini istehsal edir. Dünyadakı bütün elektrikli nəqliyyat vasitələrinin 70 faizini təmin edir”, – məqalədə vurğulanıb.
Bildirilib ki, Çinin növbəti təsir genişlənməsi həyati əhəmiyyət daşıyır. Si Cinpin açıq şəkildə Pekinin yuanı qlobal ehtiyat valyutasına çevirmək ambisiyasını bəyan edib. Bu isə ABŞ-nin “həddindən artıq imtiyazı” adlandırılan – dünyanın ehtiyat valyutasına sahib olmaq üstünlüyünü – sona çatdırmaq təhlükəsi yaradır.
“Çin bu anı reputasiyasını cilalamaq üçün deyil, əsasən, gücünü artırmaq üçün istifadə edir. Əgər qüvvələrin nisbəti tədricən onun xeyrinə dəyişsə, ABŞ qlobal təsirini israf etməyə davam etsə, bir gün Pekin dünyanın aparıcı gücü rolunu üzərinə götürmək istəyə bilər. O zaman isə Vaşinqtonun bunun qarşısını almaq üçün heç bir imkanı qalmayacaq”, – təhlil yekunlaşdırılıb.













