ABŞ-nin Rusiyayönümlü SÜLH PLANI: "Bu, Ukrayna üçün məğlubiyyətə bərabərdir"
“ABŞ müharibəni bitirib Çin məsələsinə diqqəti yönəltməyə çalışır”.
Bunu Rusiya-Ukrayna müharibəsinin sonlanma ehtimalı barədə danışan politoloq Telman Nüsrətoğlu Yenicag.az-a açıqlamasında bildirib. 
T. Nüsrətoğlunun sözlərinə görə, ABŞ tərəfinin təklif etdiyi sülh planı Ukraynanın yarı yolda qoyulması mənasına gəlir:
“Sülh planı məsələsi, əslində, yeni dünya uğrunda gedən güc mübarizələrində ən kritik məqamlarından birini təşkil edir. Bunun Qərb dairələrindən daha çox Rusiya tərəfindən hazırlandığını, Rusiyanı qane edən plan olduğunu qeyd edirlər və mahiyyətinə baxdığımız zaman da Ukrayna üçün çox ağır, bir az da alçaldıcı nəticə ortaya çıxır. Mədəni, fəlsəfi, mənəvi baxımdan yanaşsaq, Ukraynanın Qərb və ya ABŞ tərəfindən tərk edilməsi anlamına gəlir. Doğrudur, Aİ ölkələri tərəfindən dəqiqləşmə prosesi gedir. Onlar planın revisə edilməsini istəyirlər. Hazırda Ukrayna ətrafında çox mürəkkəb vəziyyət yaranıb. Əvvəldən bəri Amerikanın Çinə diqqət kəsilməsi Asiya-Sakit okean bölgəsinə diqqət yönəltmək üçün Rusiya ilə uzlaşmaya getmə ehtiyacını ortaya qoyurdu. Bu daha açıq şəkildə göstərir ki, ABŞ Rusiya ilə razılaşmaq istəyir və burada Ukraynadan daha böyük məsələlər var”.
Politoloq qeyd edib ki, sözügedən sülh planı Ukrayna üçün məğlubiyyətə bərabərdir:
“Sülh planının şərtləri Ukrayna üçün qəbuledilməz sayılır. Ona görə də onlar şərtləri gözdən keçirməyə və ya onun müəyyən müddəalarını dəyişdirməyə çalışacaqlar. Zelenski də çıxışında Ukraynanın vəziyyətinin ağır olduğunu qeyd edib. Onun dediyi kimi, Ukrayna ya böyük müttəfiqi itirməli, ya da daha ağır nəticələrə razılaşmalıdır. Hər bir halda, hazırkı şərtlərdə nəzərə alsaq ki, Rusiya böyük güc ölkəsidir, resursları çoxdur və ABŞ-nin dəstəyi olmadan təkbaşına müharibə aparmaq gücünə malikdir, belə olan halda, mümkün olan ən məqbul variantlarda bu maddələrin yenidən gözdən keçirilməsinə çalışacaq”.
T. Nüsrəroğlu sülh müqaviləsi bağlansa belə, Rusiyanın bölgədə sakit durmayacağını bildirib:
“Digər tərəfdən, Rusiyanın iştahası bununla bitməyəcək. Məsələni öz xeyrinə həll edib faktiki olaraq Ukraynanın torpaqlarını işğal edən Rusiya daha imperial, daha müstəmləkəçi iddialarla çıxış etməyə davam edəcək. İstər Avropanın təhlükəsizliyi baxımından, istərsə də geniş regionlar baxımından bu daha böyük bir problemdir. Ona görə də, hələ məsələnin tam yekunlaşması prosesinin əlamətləri görünmür, amma böyük ölçüdə artıq güc balansı ortadadır və ABŞ buna uyğun hərəkət edərək müharibəni təcili bitirib Çin məsələsinə diqqəti yönəltmək istəyir”.
Nurlan Cəfəri












