ABŞ post-Zelenski dövrünə HAZIRLAŞIR: Kiyevə qarşı olan gizli plan İFŞA EDİLDİ
“Hazırkı mərhələdə Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil. İndiki mərhələdə əsas məsələ uzunmüddətli atəşkəsin əldə olunması, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi və sülh danışıqlarına nail olmaqdır. Əgər kollektiv Qərb buna nail olarsa, təbii ki, növbəti mərhələdə həm parlament, həm də prezident seçkilərinin keçirilməsi zərurət kimi ortaya çıxacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
Siyasi təhlilçi Ukraynada müharibədən sonra keçiriləcək prezident seçkilərində Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnının namizəd olacağına dair yayılan iddialara münasibət bildirib.
Xatırladaq ki, Ukraynada çalışan amerikalı jurnalist Keti Livinqstonun bildirdiyinə görə, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı və hazırda Böyük Britaniyadakı səfir Valeri Zalujnı Zelenskiyə qarşı prezidentliyə namizədliyini səssiz şəkildə hazırlayır. Qərargah Londonda yerləşir və hazırda əməkdaşların toplanması gedir, ictimai start isə hələ verilməyib. İddialara görə, komandaya sabiq generallar, deputatlar, media və ictimai əlaqələr üzrə mütəxəssislər daxildir.
Prosesləri şərh edən M. Bünyadlının fikrincə, Qərb Ukraynada sülhün əldə olunması ilə yanaşı, növbəti mərhələdə idarəetmə institutlarının təkmilləşdirilməsi və inkişafı məqsədilə seçkilərin keçirilməsini planlaşdırır:
“Bu isə yalnız dayanıqlı atəşkəsin əldə olunması və sülh danışıqları prosesində mümkün ola bilər. London tərəfi artıq bəyan edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Kiyevə seçkilərə hazırlaşmaqda kömək etməyə hazırdır. Bu məqsədlə Britaniya və Ukrayna arasında seçki məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsinə dair saziş də imzalanıb. Böyük Britaniya Seçki Komissiyasının baş icraçı direktoru Vijay Ranqarajan bildirib ki, ictimaiyyətdə etimad yaradan, yaxşı təşkil olunmuş seçkilərin keçirilməsi sağlam və azad demokratiya üçün vacibdir. O, əlavə edib ki, biz Ukraynanı müharibədən sonrakı seçkilərə hazırlaşarkən dəstəkləməyə hazırıq”.
M. Bünyadlıya görə, seçkilər zamanı təbii olaraq Qərb Ukraynada öz namizədinin seçilməsində maraqlı olacaq və bu məqsədlə bir yox, bir neçə namizədlə çıxış edə bilər:
“Onların arasında Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Böyük Britaniyadakı səfir Valeri Zalujnı, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, hazırkı prezident Volodimir Zelenski və digər adlar hallanır. Ancaq belə qərarlar mövcud şəraitə uyğun olaraq veriləcək”.
Analitik yekunda vurğulayıb ki, Zalujnının adı uzun müddətdir ki, həm Ukrayna, həm də dünya mediasında Zelenskini əvəz edə biləcək əsas namizəd kimi göstərilir:
“Əgər Qərb Zelenskinin reytinqinin aşağı olduğunu və maraqlarına uyğun gəlmədiyini görsə, təbii ki, onu başqa fiqurla əvəz etməyə çalışacaq. Hazırda Zalujnı Zelenskini əvəz edə biləcək ən real namizədlərdən biri hesab olunur. O, həm orduda böyük nüfuza malikdir, həm də Moskva ilə barışmaz mövqeyi ilə seçilir. Bununla belə, Zalujnının hakimiyyətə gətirilməsi variantı olsa da, bu, yalnız yaranacaq siyasi şəraitdən asılı olacaq”.
Rafi Müslümov