ABŞ və İranın "uduzduğu" müharibə: Kim daha qazanclı çıxdı?
“Müharibədə qalib müəyyənləşmədi”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirib.
ABŞ-İran münaqişəsinin yekununu şərh edən politoloq hesab edir ki, qarşıdurmadan tərəflərin heç biri qənaətbəxş nəticə ilə ayrıla bilməyib:
“İran-ABŞ münaqişəsinin sona çatması haqqındakı mətn onu deməyə əsas verir ki, münaqişənin faktiki qalibi yoxdur. Nə hansısa tərəf birmənalı şəkildə qələbə qazandı, nə də əksinə. Müharibədən əvvəl tərəflər o qədər maksimalist hədəflər irəli sürürdülər ki, indiki məqamda heç biri istəyinə nail ola bilmədi. ABŞ İranın nüvə proqramını bu ölkədən çıxarıb özünə tabe edəcəyini deyirdi, indi aydın olur ki, zənginləşdirilmiş uran İranda qalacaq. Eyni zamanda Vaşinqton rejim dəyişikliyindən danışırdı, bu da baş vermədi. Ali dini lider öldürülsə də, yerinə öz oğlu keçdi. Sistem də eynidir, rejim də”.
Şərhçi qeyd edib ki, ABŞ qədər İran da müharibədən qalib kimi ayrılmayıb:
“İranın da müharibədən qalib kimi ayrıldığını demək olmaz. Ölkədə ciddi dağıntılar var. İranın ali şəxsi, xeyli sayda generalı öldürüldü. Nə ABŞ regiondan qovuldu, nə də İsrailin dövlət olaraq varlığına xələl gətirilə bildi. İran rəsmilərinin müharibədən əvvəlki tezisləri isə belə idi: “Bizə zərbə endirilsə, ABŞ bazalarını yerlə-yeksan edəcəyik, bölgədəki müttəfiqlərinə ölümcül zərbələr vuracağıq” və s. Doğrudur, bölgədəki ABŞ bazalarına bir sıra ziyanlar vuruldu, amma bu, ölümcül zərbə sayılmazdı.
Ona görə də düşünürəm ki, indiki situasiyada nə qalib var, nə də məğlub. Sadəcə, gözləntilərin əksinə olaraq, İran bu münaqişədən daha güclü çıxdı. İrana qarşı sanksiyaların yumşaldılması gündəmə gəldi, rəsmi Tehranın xarici aktivləri geri qaytarıla bilər və ən əsası – İranda nə rejim dəyişdi, nə də nüvə proqramından imtina edildi. Nəticə etibarilə, bu müharibədən İranın Amerikaya nisbətən daha qazanclı çıxdığını deyə bilərik. Hər bir halda, 60 gün gözləmək lazımdır. Bu müddət ərzində tərəflərin nəyi müzakirə edəcəkləri, razılaşmanın hansı formada olacağı yekun nəticəni görmək üçün kifayət edəcək. Məncə, tərəflər bir sıra məsələlərdə ortaq məxrəcə gəlsələr də, tam razılaşma əldə olunmayacaq”.
Nurlan Cəfəri













