ABŞ yenidən Ukraynaya silah verməyə BAŞLADI – Vaşinqton müharibəni daha da ALOVLANDIRIR
“Trampın ziddiyyətli mövqeyi göstərir ki, ABŞ və Rusiya arasında etimad səviyyəsi son dərəcə aşağıdır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O, bir neçə gün öncə Ukraynaya yardımın dayandırılmasına baxmayaraq, yenidən ABŞ-nin Kiyevə silah yardımına başlamasının səbəblərini şərh edib.
Politoloq qeyd edib ki, Rusiyaya qarşı son dövrlərdə ünvanlanan bəzi mesajlarda vurğulanırdı ki, ABŞ müharibənin tərəfdarı deyil, əksinə, sülhün və diplomatik yollarla problemin həllini istəyir:
“Qeyd olunurdu ki, əgər qarşı tərəflə razılaşmaya gəlinərsə, müharibənin dayandırılması üçün imkan yaranacaq. Lakin hadisələrin gedişatı bu çağırışlara baxmayaraq, tərəflər arasında aparılan danışıqların nəticə vermədiyini göstərdi. Əksinə, proseslər daha da gərginləşdi və gözlənilən konstruktiv nəticələr əldə olunmadı”.
Onun fikrincə, digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin haqqında verdiyi açıqlamalar da vəziyyətin ciddiliyini artırır:
“Tramp ilk dəfə açıq şəkildə Rusiya prezidenti Vladimir Putini dolayı yolla “cani” adlandırdı. Və gözləntilərinə görə peşman olduğunu etiraf etdi. Beynəlxalq siyasi münasibətlərdə ciddi gərginlik baş verir. Trampın ziddiyyətli mövqeyi göstərir ki, ABŞ və Rusiya arasında etimad səviyyəsi son dərəcə aşağıdır. Tərəflər arasında hansısa konstruktiv razılaşmanın əldə olunması getdikcə daha da çətinləşir. Nəticədə isə müharibənin alovlanması ehtimalı daha da artır”.
Nəsimi Ələsgərli