FIFA KDÇ tənqid HƏDƏFİNDƏ: “On belə turnir Musialanın bir ayağına belə dəyməzdi”
FIFA Klublararası Dünya Çempionatı bitmək üzrədir. Bəzilərinə görə, bu turnir tamamilə mənasız və futbolçular üçün əlavə yüklənmədən başqa bir şey deyil. Yalnız FIFA-nın maraqlarına xidmət etdiyi düşünülən bu turnir futbol ictimaiyyəti tərəfindən də ciddi şəkildə tənqid olunub.
Tanınmış idman jurnalisti Rasim Sultanzadə Yenicag.az-a açıqlamasında FIFA Klublararası Dünya Çempionatı ilə bağlı söyləyib ki, bu turnirin nə təqvim, nə də struktur baxımından məntiqi əsaslandırması yoxdur:
“Bu qədər sıx təqvimdə belə bir turnirin təşkili heç bir məntiqə sığmır. Komandaların seçimi, struktur və ümumi iştirakçı səviyyəsi ciddi suallar doğurur. Məsələn, turnirin ilk oyun günündə meydana çıxan Yeni Zelandiyanın “Auckland” klubu, əsasən, həvəskar futbolçulardan ibarət idi. Qarşılarında isə 200 milyon avroluq heyəti olan klublar çıxış edirdi. Bu qədər balanssız və qeyri-bərabər yarış nə məqsədə xidmət edir? Futbol ictimaiyyətinin, məşqçilərin və futbolçuların reaksiyalarından bu narazılığı açıq şəkildə görmək mümkündür”.
Jurnalist həmçinin vurğulayıb ki, bu turnir futbolçular üçün ciddi sağlamlıq riski daşıyır:
“On belə turnir Musialanın bir ayağına belə dəyməzdi. Bu turnirdə aldığı ağır zədə səbəbilə uzun müddət meydanlardan kənarda qalacaq. UEFA Millətlər Liqasının ilk vaxtlarında Françesko Tottinin varisi kimi görülən Nikola Zanyolo da analoji şəkildə ciddi zədə aldı və karyerası enişə keçdi. Bu hallar göstərir ki, FIFA bu cür yarışları yalnız kommersiya maraqları naminə təşkil edir”.
R. Sultanzadə turnirin davam etməsinin səbəblərindən də danışıb:
“Turnirin mövcudluğunun əsas səbəbi yalnız və yalnız maliyyədir. Başqa cür bu vaxtda klubları başqa qitəyə, yüksək temperatur altında futbol oynamağa razı salmaq mümkün deyil. Oyunların tez-tez uzun müddət dayanması, hava şəraitinin uyğun olmaması bunu açıq şəkildə göstərir.”
Müsahibimiz bəzi nəticələrin də şübhə doğurduğunu bildirib:
“Əlimizdə rəsmi faktlar olmasa da, bir çox insan bu turnirin bəzi “bookmaker” maraqlarına xidmət etdiyini düşünür. Təbii ki, bu bir şablon ifadədir, lakin nəticələrə baxdıqda bu fikri təsdiqləyən mənzərə açıq şəkildə görünür. “Manchester City” və “Al Hilal” kimi klubların gözlənilmədən mübarizəni dayandırması bu fikirləri daha da gücləndirir”.
Sonda o, vurğulayıb:
“Bu turnirlər yalnız maddi baxımdan klublara xeyir verir. İdman cəhətdən isə nə oyunçulara, nə də klublara heç bir faydası yoxdur. Əksinə, daha çox zərər gətirir”.
Göycə Göycəyev