Əbu-Dabidə MÜHÜM GÖRÜŞ – İrəvan Bakının tələbləri ilə RAZILAŞACAQ?
“Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan münasibətlərində əhəmiyyətli yer tutacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.
Sabah keçiriləcək görüşdən gözləntilərini səsləndirən politoloq qeyd edib ki, bu görüş iki ölkə arasındakı münasibətlərə üçüncü ölkənin müdaxiləsinin qarşısını alacaq:
“Regionda geosiyasi rəqabət güclənməklə bərabər çox əhəmiyyətli geosiyasi hadisələr də yaşanır. Söhbət Azərbaycan-Ermənistan-Türkiyə yaxınlaşmasından gedir. Bu çox əhəmiyyətli hadisədir. Nəhayət ki, Ermənistanda təhlükəsizliyin məhz Azərbaycan və Türkiyədən keçdiyini, eyni zamanda Ermənistanın bütün sahələr üzrə tədricən Avropaya inteqrasiyasının da məhz qardaş Türkiyədən keçməsi gerçəyini də anlamağa başlayıblar. Bu gün nə ABŞ, nə Avropa Birliyi, nə Ermənistanın “bacısı” olan Fransa, hətta Rusiya belə Ermənistana heç bir təhlükəsizlik zəmanəti verə bilməz. Ermənistanın gələcək inkişaf perspektivi məhz Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıq münasibətlər sistemi qurmaqdan keçir.”
Paşinyanın Türkiyə prezidenti ilə keçirdiyi görüşə toxunan N. Miri hər üç ölkənin birgə münasibətlərinin artan tempdə inkişaf edəcəyini qeyd edib:
“Nikol Paşinyanın son Türkiyə səfəri və prezident Rəcəp Tayyib Ərdoğanla görüşü düşünürəm ki, çox əhəmiyyətli bir görüş idi və perspektivdə Cənubi Qafqazda və ümumilikdə regionda tamamilə yeni bir təhlükəsizlik arxitekturasının qurulmasının bəlkə də başlanğıcı idi. Ona görə də, əgər Əbu-Dabi şəhərində belə bir görüş baş tutacaqsa, düşünürəm ki, bunu Azərbaycan, Türkiyə və Ermənistan yaxınlaşmasının davamı kimi düşünmək lazımdır. Əgər həqiqətən də bu qayə, bu fikir fonunda görüş baş tutacaqsa, burada müzakirə ediləcək məsələlər bəllidir. Xüsusilə də bu görüş problemin həllinə yönəlik görüş olacaq”.
Analitik onu da qeyd edib ki, bu görüş Azərbaycanın Ermənistandan tələb etdiyi konstitusiya dəyişikliyini və ATƏT-in Minsk qrupunun ləğvi prosesini tezləşdirə bilər:
“Bu kontekstdə Azərbaycanın Ermənistan konstitusiyasına aid qoyduğu şərtlər və ATƏT-in Minsk qrupunun ləğvinə qədər olan məsələləri danışa və konkret zaman çərçivəsində həll edə bilərlər. Düşünürəm ki, bu yöndə məsləhətləşmələr gedəcək. Çünki, fikir verirsinizsə, bu gün regiondakı geosiyasi rəqabət fonunda qlobal güclər tərəfindən təzyiqlər sadəcə bir dövlətə edilmir. Bu təzyiq siyasəti paralel aparılır. Bir tərəfdə Ermənistanda çevriliş etməklə hakimiyyəti dəyişmək prosesinə rəvac verilirsə, başqa bir tərəf isə Rusiyada Azərbaycan vətəndaşlarını faşizm metodları ilə öldürmək və alçaltmaqla Azərbaycana təzyiq etmək istəyir”.
Müsahibimiz əmindir ki, bütün bunların qarşısında ciddi bir müqavimət göstərmək Cənubi Qafqaz adına yalnız birlik nümayiş etdirməklə mümkündür:
“Nikol Paşinyan da, əgər həqiqətən bu gerçəkliyi anlayıbsa, düşünürəm ki, bu perspektivdə yeni təhlükəsizlik arxitekturasının qurulmasına ciddi töhfə verə bilər ki, birgə siyasət, birgə təhlükəsizlik qərarları artıq xarici müdaxilələri mümkünsüz edəcək. Bunun artıq təməli qoyulub. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında danışıqlar və verilən qərarlar birbaşa əldə olunur. Azərbaycan və Ermənistanın diplomatik kanalları açıqdır, ən çətin problemləri danışa və həll edə bilirlər. Bu da kənar müdaxilə və “vasitəçilər”in iştirakını mümkünsüz edir. Məhz burdan başlayaraq irəli getmək olar ki, Əbu-Dabi şəhərində baş tutacaq görüş də bunun davamı kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bu görüş çox əhəmiyyətli olacaq və iki dövlət arasındakı sülh müqaviləsinin imzalanmasına, hətta Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret razılıqlar yönündə əhəmiyyətli addım ola bilər. Ən azından gözləntimiz və perspektiv bunu vəd edir”.
Nurlan Cəfəri