Plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərləri sahəsində AZS EN 12201-1:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) – Hissə 1: Ümumi tələblər”, AZS EN 12201-2:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) – Hissə 2: Borular” və AZS EN 12201-3:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) – Hissə 3: Fitinqlər” yeni dövlət standartları qəbul edilib.
AZSTAND-dan Yenicag.az-a bildirilib ki, sözügedən dövlət standartları polietilen (PE) materialından hazırlanan boru, fitinq və komponentlərin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq məqsədilə qəbul edilib. Bu standartlar su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərlərinin ümumi tələblərini müəyyən edir. Belə ki, yeni dövlət standartlarının tətbiqi ilə əhali, sənaye müəssisələri və digər sahələrin su ilə təchiz edilməsində istifadə edilən xətlər, eləcə də tullantı sularının axıdılması üçün xətlərin davamlılığına, su itkisinin azaldılmasına və səmərəli istifadəsinə imkan yaranacaq.
Sözügedən yeni dövlət standartları “Tikinti materialları, məmulatları və konstruksiyaları” Texniki Komitəsində (AZSTAND/TK 10) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, AZS EN 12201-1:2025, AZS EN 12201-2:2025 və AZS EN 12201-3:2025 dövlət standartları Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının icrası məqsədilə AZS 806-1-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər”, AZS 806-2-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular” və AZS 806-3-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər.” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.