Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ad günün mübarək, Atam! – ELEGİYA

Məşhur türk müğənnisinin oxuduğu “Benim babam” (“Mənim atam”) mahnısının sözləri (…Cibində yox parası, Ürəyində yarası…) məni həmişə təsirləndirir və duyğulandırır. Hətta bacılarım və qardaşımla birlikdə olan vaxtlarda musiqini dəfələrlə səsləndirib dinləyəndə bizdən böyüklərin də ağladığının şahidi olmuşam…

…May ayı olanda tez-tez kövrəlirəm. Uşaqlıqda evimizdəki dolabın bir gözündə səliqə ilə yığılmış sənədlərin arasında saxlanılan atamın doğum haqqında şəhadətnaməsindən onun mayın altısında doğulduğunu yadda bilmişdim. Amma hər il doğum günü, yubileyi yaxınlaşanda deyərdi ki, mən mayın altısında yox, doqquzunda dünyaya göz açmışam…

Ata-anam müəllim olublar. Dişlə-dırnaqla yurd salıb, ev qurublar. Bir qarnı ac, bir qanı tox altı uşaq böyüdüb boya-başa çatdırıblar. Bütün övladlarına ali təhsil verib, qızlarını köçürüb, gəlin gətiriblər. Nəvə-nəticə sevinci yaşayıblar.
Mən ailənin sonbeşiyiyəm. Axrıncı övlad–beşinci qız!..

…İndi ömrümün altmış ili geridə qalandan sonra onların fədakarlığına heyran oluram. Fikirləşirəm ki, görəsən, onlarda övladlarına olan bu qədər geniş qəlblilik, məhəbbət, həyata sevgi haradan, nədən qaynaqlanırmış?!.

Hərdən indiki gənc ailələrə məsləhət biləndə ki, “Qoy ikinci, üçüncü övladınız da olsun. Uşaqlar nə qədər çox olsa, mehribanlıq da artar”. Cavab birmənalı olur: “Çətindir, imkan yoxdur…”.

Şəhərin mərkəzində oturub əmin-amanlıq içində hər cür təminatlı nənə-babaların dəstəyilə uşaq dünyaya gətirib böyütmək problemə çevrilib. Bunu düşünəndə gülərüzlü, gözəllər gözəli, sıx qara hörüklü, qara qaşlı, qara gözlü, al yanaqlı, gül dodaqlı ANAM gözlərim önünə gəlir…

…Evdə indiki kimi şərait yox idi, köməksizdi, həftənin altı günü isə iki növbədə 35-40 uşağa dərs deyib, sonra da evə–altı uşağın arasına dönürdü ANAM!

Qışda evimiz odunla yanan soba ilə bərabər anamın nəfəsilə isinərdi. Hərarəti bizi azar-bezardan qoruyardı… İndi kombi ilə qızdırılan rahat mənzildə paltarları paltaryuyan maşına atanda, qabları qabyuyan maşına yığanda anamın nələr çəkdiyini, hansı əzablara qatlaşıb bizi boya-başa çatdırdığını təsəvvürümə gətirib heyrətlənirəm, canım ANAM!

Bax, bu şəhərdə uşağını oxudub, tərbiyə etməyən valideynləri görəndə bir daha sizə səcdə edirəm! Bakıdan 400 kilometr uzaqlıqdan gəlib universitetlərdə təhsil almışıq, repetitorumuz da anamız olub…

Anam atamın yeganə məsləhətcisi, arxası, köməyi idi. Onların əl-ələ verib məndən böyüklərin təhsil almaları üçün necə əziyyət çəkdiklərinin şahidi olmuşam.

Anamın dərs dediyi bir şagirdin atası rayonumuzda polis rəisi idi. O şagird də, ailəsi də anama hörmətlə yanaşardı. Uşağın anası bir dəfə oğlunun evdə müəlliməsinin–anamın hər il məktəbə eyni ayaqqabı ilə gəldiyini təəccüblə dilinə gətirib… Bəli, bu, doğru idi. Çünki anam əmək haqqını üst-başından kəsib təhsilimizə xərcləyərdi. Bundan heç vaxt darılmaz, təəssüflənməzdi, əksinə, bizim yaxşı oxumağımızdan, yüksək təhsil almağımızdan qürurlanardı.

Heç mən də çox geyim və əşya aludəçisi deyiləm. Hərdən televiziya kanallarında dəyəri olmayan, mənəviyyatsız şəxslərin otaqlar dolusu geyimlərini göstərəndə anamın o ayaqqabılarını xatırlayıram…

Atam heç vaxt bizim yanımızda çatışmazlıqdan danışmazdı. Çox yüksək əhval-ruhiyyəli göstərirdi özünü. Həmişə deyərdi ki, hər şey yaxşı olacaq… Cəfər Cabbarlının yaradıcılığını əzbər bilirdi. Dilindəki də “Ölkəm” şeiri idi:

“Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin…”.

Atam vəfat edəndə yasda bibilərim onu oxşayanda “ürəyi yaralı qardaş” deyirdilər…

O zaman bildik ki, atamın özündən kiçik qardaşını on altı yaşında olarkən 1943-cü ildə müharibəyə aparıblar. Çox cüssəli və bədənli olduğu üçün heç sənədinə baxmadan yollayıblar gedər-gəlməzə!

1944-cü ildə yaralı qayıdan atam qardaşını çox axtarıb. Heç hardan sorağını ala bilməyib. Evdə yaşlı anası olduğu üçün “qara kağızı” da üzə çıxartmayıb. Bax, bu imiş atamın “ürəyinin yarası”…

Müharibədən yaralı qayıdan atamı rayonda çətin tərbiyə olunan yetimlər evinə müdir təyin edirlər. Həmin il anamla ailə qurur. Hər ikisi işləməyə başlayır. Uşaq evində qırxa yaxın kimsəsiz uşaq tərbiyə olunurmuş. Onlar məktəbdə oxuyur, dərsdən sonra isə uşaq evinin yardımçı təsərrüfatında işləyirlərmiş…

…May ayının 9-u radio qələbə xəbəri yayır. Bunu eşidən anam uşaqlardan birini yardımçı təsərrüfatda işləyən atamın arxasınca yollayır. Bir də görür ki, həmin uşaq müdirin çiynində, qalanları isə qan-tərin içində gəlirlər. Sevinən kim, şərqi oxuyan kim…

Atam gedib təsərrüfatda bir iribuynuzlu heyvan kəsdirir. Müdir üç gün şagirdlərlə bərabər bayram edir…
Bundan sonra atamın ən sevdiyi gün olur 9 may…

Bax, buna görə də hər dəfə doğum gününün 9 may olduğunu deyirdi…

“Ad günün mübarək, Atam!”

Tahirə ƏSGƏROVA,
Hüquqşünas

Loading...

www.yenicag.az

182
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100