“Adəm və Həvva” FİNALDA: Jürini cəlb edən SAÇ VƏ SAQQAL- FOTO
Belçikada 64-cü dəfə keçirilən dünyanın məşhur karikatura festivalı olan “Grand Prize Golden Hat Knokke-Heist 2025” başa çatıb. Bu il festivala 65 ölkədən 601 iştirakçı 2.535 əsərlə qatılıb. Beynəlxalq jüri finala qalan 100 ən yaxşı əsəri müəyyənləşdirib. Tanınmış Azərbaycan rəssamı, həmyerlimiz Soltan Soltanlının “Adəm və Həvva” əsəri 100 ən yaxşı əsərdən biri seçilib.
Soltan Soltanlı təəssüratlarını Yenicag.az-a bölüşüb:
“Bu yarışma dünyanın ən “yaşlı” yarışmasıdır və çox nüfuzlu bir festivaldır. Hər bir rəssam bu festivalda yer tutmaq, sərgilənmək və kataloqa düşmək istəyir. Mənim də “Adəm və Həvva” əsərim finala adlayıb. Fikrimcə, burada başlıca məsələ əsərin orijinallığıdır. Burada bir rəssam kimi mövzuya belə demək mümkündürsə, ağla gəlməyən yerdən yanaşmışam”.
Rəssam “sizcə, bu əsər nə ilə daha çox münsiflərin diqqətini çəkdi” sualını da cavablandırıb:
“Məndə saç, hörük, saqqalla bağlı müxtəlif əsərlər var. Bu da onlardan biridir. Adəmin saqqalı, Həvvanın saçı onların ayıb yerlərini örtür. Jürini isə həmişə bədii tapıntılar cəlb edir”.
Qeyd edək ki, 100 əsərdən ibarət sərgi iyulun 28-də Knokke-Heist şəhərində açılacaq və avqustun 24-dək davam edəcək.
Cəvahir