ADR ictimai müzakirə keçirdi-Foto, Video

media-hightechnic-468x90
28391Aprelin 18-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı “Azərbaycan təhsili: dünənə, bu günə, sabaha baxış” mövzusunda mütəxəssislərin iştirakı ilə ictimai müzakirə keçirib.
Dəyirmi masa formatında keçirilən müzakirədə təhsil üzrə ekspert Nadir İsrafilov “Ümumi təhsil: məzmun, idarəetmə, müəllim hazırlığı, standartlar və keyfiyyət “ mövzusunda məruzə ilə geniş çıxış edib. Məruzə ətrafında aparılan müzakirələrdə Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, təhsil üzrə ekspetlər – Vurğun Əyyub və Əjdər Ağayev, peşəkar təhsil işçisi Rafiq İsmayıl, eləcə də ADR Hərəkatının üzvləri olan mütəxəssislərdən Səxavət Əlisoy, Əlövsət Əhədoğlu, Firəddin Əlioğlu, Nazim Vəlişov və digərləri – çıxış ediblər. Müzakarələr zamanı Dəyirmi Masa adından aşağıdakı məzmunda Qətnamə qəbul edilib və qərara alınıb ki, təkliflər paketi geniş formatda Təhsil Nazirliyinə və ictimai müzakirəyə təqdim olunsun.
Azərbaycanın müstəqil bir dövlət olaraq gələcəyinin təhsilimizin keyfiyyətindən asılı olması heç kəsdə şübhə doğurmur. İstər müstəqil təhsil ekspertlərinin rəylərindən, istər TQDK-nın araşdırmalarından, istər KİV-də söylənilən fikirlərdən, dərc olunan yazılardan, istərsə də beynəlxalq sorğu və reytinq cədvəllərindən göründüyü kimi Azərbaycan təhsilinin vəziyyəti ciddi narahtlıq doğurmaqda davam edir. ADR-in təşkilatçılığı ilə ““Azərbaycan təhsili: dünənə, bu günə, sabaha baxış” mövzusunda keçirilmiş dəyirmi masada dinlənilən məruzə və onun ətrafında aparılan müzakirələrdə ölkədə təhsil islahatlarının vəziyyəti təhlil edilmiş, təhsilin sosiallaşması meyarları, müəllim hazırlığının vəziyyəti, maddi- texniki bazanın durumu və onun təlim-tərbiyə işinin səmərəli təşkilinə təsiri, təhsil islahatlarının yerinə yetirilməsində optimal prinsiplərin müəyyənləşdirilməsi istiqamətində maraqlı fikirlər söylənilmişdir. Dəyirmi masanın sonunda iştirakçılar tərəfindən yeni təşəbbüs və yanaşmalar əsasında aşağıdakı təkliflər irəli sürülmüşdür:
1. Pedaqoji kadrların attestasiyadan keçirilməsi işində formallığa son qoyulsun, yüksək səviyyəli müəllimlərin əməyinin qiymətləndirilməsində yeni və adekvat prinsiplər hazırlansın.
2. Yeni metodlarla işləyə bilən, təhsilin müasir tələblərinə cavab verən müəllim hazırlığına diqqət və tələb gücləndirilsin.
3. Təhsilin inkişafına mane olan daxili faktorların ( sosial-mədəni, siyasi-iqtisadi) müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində geniş ictimai müzakirələr təşkil olunsun, bu işlərin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları və ekspertlərlə yaxından əməkdaşlıq edilsin.
4. Struktur islahatlarına mane olan əngəllər aradan qaldırılsın, təhsili idarə edəcək kadrların müasir tələblərə cavab verməsi istiqamətində ardıcıl və planlı fəaliyyət göstərilsin.
5. Müasir pedaqoji tələblərə cavab verə bilən, məzmunca milli və bəşəri dəyərlərə söykənən dərsliklərin yazılması üçün beynəlxalq təcrübəni, pedaqoji-elmi meyarları öyrədən treninqlər təşkil edilsin.
6. Proqram və dərsliklərin hazırlanmasında alternativliyə imkan yaradılsın, müəlliflərin seçilməsində tərəfkeşlik, monopoliya kimi mənfi hallara son qoyulsun.
7. İctimai-dövlət əməkdaşlığının səmərəli təşkili məqsədi ilə Təhsil Nazirliyi nəzdində İctimai Şura yaradılsın
8. Televiziyalarda mütəmadı olaraq Təhsillə bağlı proqramların yayınlanmasına nail olunsun

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600