Aida Mahmudova martda açılış edəcək
Martın 24-də Bakıda professor Nərgiz Paşayevanın qızı Aida Mahmudovanın təsis etdiyi YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi baş tutacaq.
Açılışda “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim ediləcək.
Sərginin diqqət mərkəzində – rəssamın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərgidə Şirin Neşatın əvvəlki işlərindən də ikisi yer alacaq. Bunlar sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş “Monoloq” (1999) və “Keçid” (2001) video-instalyasiyalarıdır. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib.
Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da nümayiş olunacaq. Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələrin rəssamlarının da əsərlərini görmək olacaq. YARAT-ın kolleksiyasına gəlincə isə o, son üç ildə toplanıb və xüsusilə YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni sərgilərin özəl sifarişləri sayəsində daha da artırılacaqdır.