Aldığımız kərə yağı NƏDƏN HAZIRLANIR? – Ekspert bilinməyənləri AÇIQLADI

media-hightechnic-468x90

“Hazırda ən bahalı kərə yağlarının da bəzilərinin tərkibində bitki yağı tapmaq olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Qeyd edək ki, son zamanlar Azərbaycanda satılan kərə yağlarının tərkibində bitki yağı olması, bəzi kərə yağlarının isə vaxtı keçməsinə baxmayaraq satışda olması ilə bağlı bir çox şikayətlər sosial mediada dolaşmaqdadır.

Xalis kərə yağı adı altında satılan bu yağların tərkibində bitki yağı olmasının səbəbləri nədir? Belə hallara qarşı hansı addımlar atılır?

Müsahibimiz məsələni ətraflı şərh edib:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı işlər zəruri olsa da, kafi deyil. Çünki AQTA mallarının, o cümlədən, kərə yağlarının etiket məlumatları ilə tərkibinin düz gəlməməsi məsələsini aşkar edib ifşa edirik. Lakin əksər hallarda onlar satışdan çıxarılmır. Malların geri çağırılması, ictimai məhv edilməsi keçirilmir. Kərə yağlarında problemlər daim yaşanır, xüsusən arzuolunmaz bitki əsaslı kərə yağları marketlərdə, meyvə-tərəvəz satılan yerlərdə, bazarlarda satılır. Bitki yağlarından hazırlanmış bu cür kərə yağlarının eləcə də pendir variantları da var. Pendirlər də əksər hallarda bitki yağlarını qarışdırmaqla hazırlanır. Ciddi marketlərdə də üzərində “naturalnoe maslo” yazılmış, üstündə inək şəkli çəkilmiş istehlakçıları aldadan kərə yağları mövcuddur”.

E. Hüseynov “marketlərdə kərə yağlarına edilən endirim kampaniyalarının səbəbi yağların keyfiyyətsiz olmasına ilə bağlıdırmı” sualına isə belə cavab verib:

“Endirim kampaniyaları ola bilər, amma endirim kampaniyaları heç də o demək deyil ki, kərə yağlarının yararlılıq vaxtı keçib. Yararlılıq vaxtı keçmiş məhsulun satışı ölkəmizdə qadağandır. Dövlət orqanları bu halı müəyyən edərlərsə, satan mağaza 1.500 manat cərimə edilir. Lakin biz görürük ki, bitki qarışıqlı yağlar kərə yağı adı altında satılır. Haradasa markalanmasında kiçik hərflərlə tərkibində bitki yağı olduğu qeyd edilir. Təsadüfi deyil ki, hazırda Azərbaycan Standartlaşdırılma İnstitutunda malların markalanmasına dair müzakirə edilir. Azad İstehlakçılar Birliyi texniki komitənin üzvü olaraq öz təkliflərini verib. Düşünürəm ki, istehlakçılar daha diqqətli olmalıdırlar ki, kərə yağı alan zaman qiymət heç də əsas olmasın. Hətta ən bahalı yağ da bitki yağlarına qarışıq ola bilər”.

Müsahibimiz Yeni Zelandiyadan gətirilən yağların qiymətinin ucuz olmasının səbəblərini də açıqlayıb:

“Uzun illər Azad İstehlakçılar Birliyinə uzaq ölkələrdən gətirilən, o cümlədən Yeni Zelandiyadan gətirilən yağlar barədə məlumatlar gəlirdi. Əhali onlara qiymətin optimal gəlib çıxmasından şübhələnirdilər. 6 il öncə mən Yeni Zelandiyaya konfransa gedən zaman bizim Zelandiyada olan həmkarlarımızın köməyi ilə Azərbaycana yağ göndərən “West Gold” zavodunda oldum, Etiketlərin Azərbaycan dilində markalanmasını gördüm. Daha sonra fermer təsərrüfatında oldum və məlum oldu ki, orada heyvanlar açıq havada otlayırlar. Qış rejimi yoxdur, yağ çox ucuz əmələ gəlir, ona görə də Azərbaycana optimal qiymətə gəlib çatır. Yeni Zelandiyadan gətirilən həmin yağın orijinal yağ olduğuna inandım. Eləcə də ölkəyə başqa yerlərdən də – Almaniyadan, Fransadan da yağlar gətirilir. Standartlara uyğun yağlarla bərabər tərkibi ilə insanları aldadan yağlar da mövcuddur. Bütün hallarda şübhəli yağlara rast gələrsə, istehlakçılar qaynar xətt vasitəsilə Qida Təhlükəsizlik Agentliyinə məlumat verməklərini tövsiyə edirəm”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600