!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyanın “Qafqaz vektoru”: Berlin regiona necə qayıdır?

!Reklam – Yazi

Almaniyanın federal kansleri Angela Merkelin ötən həftəsonu Cənubi Qafqaz ölkələrinə səfəri qlobal proseslərdə regionun əhəmiyyətinin artması kimi qiymətləndirilir.

Dünyada və Azərbaycana yaxın coğrafiyada cərəyan edən son proseslər strateji əhəmiyyəti çox yüksək olan Cənubi Qafqaz regionuna yönəlik beynəlxalq diqqəti daha da artırıb.

ABŞ-Rusiya qarşıdurması, ABŞ-Türkiyə ziddiyyətlərinin xeyli dərinləşməsi və əlbəttə ki, ABŞ-İran gərginliyinin son həddə çatması bu çoxtərəfli savaşın episentrini Cənubi Qafqaza doğru istiqamətləndirir.

Hər halda, qeyd olunan ziddiyyətlər fonunda Cənubi Qafqaz dövlətləri mütləq dilemma qarşısında qalmayıblar – yəni hadisələr hələ ki o səviyyəyə çatmayıb. Ancaq vəziyyətin uzun müddət belə “sabit ağır” qalacağı da inandırıcı deyil.

Əksər analitiklər də iddia edirlər ki, Cənubi Qafqaz ölkələrinin ABŞ-Rusiya və ABŞ-İran qarşıdurmasında öz neytrallıqlarını sona qədər qorumaları mümkün olmayacaq. Ancaq bütün bunların yaxın gələcəyə aid məsələlər olduğunu unutmayaraq, diqqəti Merkelin regiona səfərinə yönəldək.

Dünyanın ən böyük iqtisadiyyatlarından birinə malik olan və Avropa İttifaqının “lokomotiv”i sayılan Almaniya hökumət başçısının bölgəyə səfəri özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən, Merkelin gəlişindən əvvəl onun səfərinin mümkün məqsədlərinə dair ən müxtəlif versiyaların irəli sürülməsi vurğulanan diqqətin göstəricisi hesab olunurdu.

Məsələnin maraqlı cəhəti həm də bundan ibarət idi ki, SSRİ-nin süqutundan sonra Qafqaz bölgəsi Almaniyanın böyük maraq göstərdiyi regionlar sırasında olmayıb. Eyni zamanda, Gürcüstanı nəzərə almasaq, Almaniya Cənubi Qafqazın digər dövlətləri Azərbaycan və Ermənistanla da xüsusi münasibətlər saxlamayıb. Ona görə də “beynəlxalq ip”lərin xeyli dolaşdığı mövcud qarışıqlıqda Merkelin regiona gəlməsi sıradan səfər anlayışına uyğun gəlmir.

Merkelin regiona səfəri Gürcüstandan başlamasının səbəbinə toxunduq – Berlin hələ 1-ci Dünya Müharibəsinin sonlarından etibarən, Tiflislə münasibətlərə daha çox diqqət yetirib. Bu tarixi ənənə 1991-ci ildən sonra da davam etdirilib. Bu üzdən, Merkelin Qafqaz səfərinə Tiflisdən başlaması, Gürcüstanla dəyəri bir neçə yüz avroluq müqavilələr imzalaması və orada müzakirə etdiyi məsələlərin mahiyyəti fərqli idi.

Tiflisdən sonra İrəvana yollanan Merkel orada sərgilədiyi mövqe ilə Ermənistanın yeni hökumətinin və erməni cəmiyyətinin gözləntilərini doğrultmadı. Səfər zamanı heç bir müqavilənin imzalanmaması, ən əsası, Berlinin “qərbyönümlü hökumət”ə maliyyə yardımı göstərməməsi bu fikirləri təsdiqləyir. Hətta İrəvanda ona verilən antiAzərbaycan xarakterli suallara diplomatik cavabı ilə publikanı bir qədər gərginləşdirdi. Onun İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarəti isə sırf konyuktura xarakterli addım idi.

Təbii, bizim üçün ən maraqlısı Merkelin Bakıda apardığı müzakirələr və səsləndirdiyi fikirlərdir. Əksər ekspertlərin də vurğuladıqları kimi, Merkelin Bakı səfərində iqtisadi aspekt daha qabarıq hiss olundu və Almaniya ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirildi. Bu məqsədlə təşkil olunan biznes-forumda bir sıra ciddi təkliflərin irəli sürülməsi tərəflərin əlaqələri genişləndirmək niyyətinin ciddiliyini göstərdi.

Bakıda aparılan müzakirələr həmçinin Bakı ilə Berlin arasında siyasi səbəblərə görə “soyuq külək”lərin əsdiyinə dair iddiaların əsassız olduğunu, tərəflərin praqmatik yanaşmaya üstünlük verdiklərini nümayiş etdirdi.
Ancaq Merkelin səfərini sadəcə, aysberqin görünən tərəfi əsasında dəyərləndirmək doğru olmazdı. Açıq görünür ki, Almaniya Avropa İttifaqının sərhədlərində yerləşən Cənubi Qafqazda iştirak məsələsində Fransa ilə yaranmış fərqi aradan qaldırmağa və regionda gedən proseslərə təsir imkanı əldə etməyə çalışır.

Almaniyanın buna nə dərəcədə nail olacağı isə artıq gələcəyin söhbətidir.

A.Zeynalov

COP29

www.yenicag.az

956
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv