Alyaskada GƏRGİN GÖRÜŞ: “Tramp əlindən gələni edəcək”
“Tramp Alyaska görüşündə razılığa gəlmək üçün əlindən gələni edəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, ABŞ-Rusiya arasında Ukraynada aparılan müharibə fonunda Alyaskada planlaşdırılan görüşün mümkün nəticələrini şərh edib.
Politoloq bildirib ki, dünya ictimaiyyətinin diqqət mərkəzində olan bu görüş tarixi əhəmiyyət kəsb edir:
“Ən başlıca olaraq, Ermənistan və Azərbaycan liderlərinin ABŞ-də görüşü baş tutdu. Vaşinqtonda keçirilən görüşdə mühüm nəticələr əldə edildi. İndi isə ABŞ Prezidenti Donald Tramp bu siyasi uğurlarının ardını davam etdirmək istəyir. Bir növ Azərbaycan və Ermənistan arasında razılıq Rusiya-Ukrayna münaqişəsinin həlli üçün də zəmin yaratdı”.
“Doğrudur, Alyaskada planlanan görüşə Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvət olunmaması müəyyən mübahisələr yaradır, lakin bu görüşün özü elə böyük uğurdur. Çünki Rusiya Prezidenti Vladimir Putin faktiki olaraq ABŞ-yə gəlir. Tramp Alyaska görüşündə razılığa gəlmək üçün əlindən gələni edəcək. Ən yaxşı halda, nəzarətə götürülən ərazilərin Rusiyada qalması şərti ilə yekun sülh olmasa da, atəşkəs razılığı ola bilər. Əgər yekun sülh Ukrayna ərazilərinin ilhaqı ilə əldə olunarsa, dünyada hüquq sistemi dəyişər. Hər güclü ölkə zəifin ərazilərini işğal etmək istəyəcək”, – deyə o, əlavə edib.
Müsahibimiz on uda söyləyib ki, Putinlə müharibə aparmaq mənasızdır:
“Bunu ABŞ də yaxşı başa düşür. Ona görə də atəşkəs imzalanıb proseslər zamana buraxılacaq. Tramp münaqişəni post-Putin dövrü üçün təxirə salmaq istəyir. Çünki onun daha böyük işləri var, ən əsas isə Nobel Sülh Mükafatını əldə etmək istəyir. Bir sözlə, Tranp mümkün qədər razılıq əldə etməyə çalışacaq. Yox, əgər olmazsa, sülh qədər müharibəni də şiddətli apara biləcək fərqli Tramp görəcəyik. Buna görə də ikinci danışıq olmayacaq deyir. Yəni məsələ ya bu danışıqda həll olacaq, ya da yenə bu danışıqda həll olacaq. Ən azından, öz dövründə müharibənin dayandırılmasını istəyir. Bunun üçün isə əlindən gələni edəcək”.
Nəsimi Ələsgərli