Alyaskadakı Putin-Tramp MASASI: Ukrayna xəritəsi DƏYİŞƏCƏK?
“Nobel Sülh Mükafatına iddialı olduğu üçün o, problemi ABŞ-yə məqbul, Avropanın isə maraqlarına cavab verməyən ampluada həllinə çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.
O, ABŞ və Rusiya arasında avqustun 15-i planlaşdırılan mümkün Putin-Tramp görüşünün ehtimal edilən nəticələri ilə bağlı fikirlərini səsləndirib.
Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Trampın danışıqlar üçün Alyaskanı təklif etməsi ciddi suallar doğurur:
“Rusiya tərəfi üçün logistik imkanlar baxımından bu ərazi məqbuldur. Əvvəla, məlum məkana getmək üçün Avropanın hava məkanından keçmək zərurəti yoxdur. Bu, həm təhlükəsizlik, həm də Rusiyaya tətbiq edilən sanksiyaların fonunda Moskvanın maraqlarına cavab verir. Həmin yerə çatmaq üçün yalnız Rusiya ərazisindən şərqə doğru uçmaq lazımdır”.
“Digər tərəfdən, Alyaskanın Rusiya–ABŞ münasibətlərində özəl yeri var. Ərazi 1867-ci ilin 18 martında Rusiya imperatoru II Aleksandrın fərmanı ilə ABŞ-yə satılıb. Məhz Alyaska ərazisi ilə İkinci Dünya müharibəsi illərində SSRİ-yə ABŞ dəstəyi, o cümlədən hərbi təyyarələr daşınmışdır. Bu baxımdan, Alyaska tərəflər üçün simvolik mahiyyət kəsb edir. Buna görə də tərəflərin problemin həlli məqsədilə burada qarşılıqlı güzəşt və kompromislərə gedəcəyi gözlənilir”, – deyə o, əlavə edib.
Onun sözlərinə görə, Trampın Alyaskada ərazi güzəştləri ilə bağlı məsələlər ətrafında müzakirələrin gedə biləcəyi ilə bağlı açıqlamaları olub:
“Həmin bəyanatlar Ukrayna və Avropada dərin həyəcan doğurub. Tələsik bəyanat verərək ərazi güzəştlərinə getməyəcəkləri barədə fikirlər səsləndirdilər. Bununla belə Trampın Avropadan xeyli uzaq, Rusiyaya isə yaxın məkanı danışıqlar üçün seçməsi Avropa liderləri və Ukraynanın danışıqlardan kənarda qalacağını deməyə əsas verir”.
Müsahibimiz əmindir ki, eyni zamanda Alyaskanın seçilməsi Britaniyanın danışıqların gedişinə mane olmaq və ya problem yaratmaq istəklərindən də irəli gələ bilər:
“Britaniya nə hərbi, nə də iqtisadi gücünə görə ABŞ və Rusiya ilə rəqabət aparmaq imkanlarına malik deyil. Lakin o, dünyada ən mükəmməl və peşəkar xüsusi xidmət orqanlarına – kəşfiyyat və əks-kəşfiyyat qurumlarına malikdir. Alyaska isə özünün iqlim şəraiti və hədsiz soyuq məkan olması ilə bu qurumların fəaliyyəti, xüsusilə peyk rabitəsi üçün əlverişli yer deyil”.
E. Manafov əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyin əleyhinə olmasa da, onunla görüş üçün xüsusi şərtlərin gözlənilməsinin vacibliyini bildirir:
“Bəllidir ki, o, Zelenskini legitim prezident saymır. Legitimlik isə Ukraynada yeni prezident seçkilərinin keçirilməsini tələb edir. Tramp Rusiyanı hərbi yolla, o cümlədən sanksiyalar yolu ilə zəiflətməyin nəticə verməməsindən usanıb. Nobel Sülh Mükafatına iddialı olduğu üçün o, problemi ABŞ-yə məqbul, Avropanın isə maraqlarına cavab verməyən ampluada həllinə çalışır. Putin isə münaqişəni doğuran səbəblərin aradan qaldırılması, habelə Şərqi Ukraynanın Rusiyaya de-fakto aidiyyətinin tanınması adı ilə problemin həllini istəyir. Bu halda, Qərbi Ukrayna bitərəf dövlət kimi qalmalı və NATO-ya qoşulmayacağı ilə bağlı öhdəlik götürməlidir”.
“Nəzərə almaq lazımdır ki, Qərb Baltikyanı respublikaların da SSRİ-yə aidiyyətini məhz de-fakto tanımış, de-yure isə bu ölkələrin mühacir hökumətləri Qərbdə fəaliyyət göstəriblər. Trampın “ABŞ hər şeydən üstündür” sözləri, habelə ABŞ-ni qlobalistlərin məngənəsindən qurtarmaq cəhdləri, nəhayət, ABŞ prezidenti olaraq Nobel Sülh Mükafatını almaq istəyi onu Putinlə Alyaskada olmasa da, danışıqların sonrakı raundunda razılığa gəlməyə sövq edəcək”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli