“Amerikada Azərbaycan tolerantlıq modeli kimi qəbul olunur”
Bu həftə Azərbaycandan nümayəndə heyəti – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Bakı şəhəri, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, həmin icmanın ravvini Avraam Yakubov ABŞ-ın Los-Anceles şəhərində səfərdə olub. Səfərin nəticələri ilə bağlı G.İsmayılovun Trend-ə müsahibəni təqdim edirik.
– Gündüz müəllim, Los-Anceles şəhərinə bu tərkibdə nümayəndə heyətinin səfər etməsinin əsəs məqsədi nə idi?
– Los-Ancelesdə Sinay sinaqoqu fəaliyyət göstərir. Bu sinaqoq ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən biridir. Bakı şəhəri, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev ötən il ABŞ-da olarkən Los-Ancelesdəki yəhudi icmalarının nümayəndələri ilə görüşmüşdü. Həmin görüşdən sonra Sinay sinaqoqu Azərbaycanın Dağ yəhudilərinə “Sefer Torah” (Tövrat) hədiyyə etmək qərarına gəlmişdi. Nümayəndə heyətinin Los-Ancelesə səfərinin əsas məqsədi həmin Tövratın təqdimat mərasimində iştirak etmək idi.
Azərbaycanın Dağ yəhudilərinə hədiyyə edilən “Sefer Torah” xüsusi perqament üzərində tərtib olunub və Los-Ancelesdəki yəhudilərin topladığı ianələr hesabına İsraildə hazırlanıb. Yəhudilikdə “Sefer Torah”ın hədiyyə edilməsi əlamətdar hadisə hesab olunur. Adətən, bununla bağlı xüsusi mərasim təşkil edilir. Eyni zamanda, Sinay sinaqoqunun baş ravvini Devid Volpi ABŞ-ın tanınmış yəhudi din xadimlərindən biridir və Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Bütün bunları nəzərə aldıqdan sonra qərara gəlindi ki, “Sefer Torah”ın təqdimat mərasimində Dağ yəhudiləri dini icmasının sədri və ravvini ilə yanaşı, millət vəkili Yevda Abramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də iştirak etsin. Əslində, təqdimat mərasiminin miqyası, iştirakçıların sayı və statusu Azərbaycandan nümayəndə heyətinin iştirakının nə qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Təsəvvür edin ki, mərasimə təxminən yüz nəfər dəvət edilmişdi, amma iştirakçıların sayı 400 nəfərdən çox oldu. Həmçinin, tədbirə Azərbaycandan nümayəndə heyəti, o cümlədən, ölkəmizin Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev, konsulluğun əməkdaşları ilə yanaşı, İsrailin Baş konsulu, Kaliforniya ştatının yəhudi icmasının nüfuzlu nümayəndələri də qatıldılar. Mərasimdə Azərbaycanın zəngin tolerantlıq ənənələri, mədəniyyəti, tarixi və bu günü, eləcə də yəhudi icmasının fəaliyyəti ilə bağlı yüksək səviyyəli təqdimat və çıxışlar oldu. Fikrimcə, həm ABŞ və Azərbaycandakı yəhudi icmalarının əlaqələri, həm ölkəmizin zəngin mədəniyyətinin təbliği, həm də respublikamızla bağlı həqiqətlərin Amerika cəmiyyətinə çatdırılması baxımından “Sefer Torah”ın təqdimatı mərasimini önəmli və tarixi hadisə kimi qiymətləndirmək olar. Müəyyən müddətdən sonra bunun müsbət nəticələrini daha aydın görə biləcəyik.
– Los-Ancelesdəki yəhudi icmasının Azərbaycana münasibəti qaneedicidirmi?
– Ümumiyyətlə, ABŞ-da Azərbaycan həqiqətlərinin yayılması və təbliği ilə bağlı hələ çox işlər görülməlidir. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Zaman keçdikcə bu tədbirlər öz nəticəsini verir və Amerika cəmiyyətində ölkəmizlə bağlı məlumatlar artır və daha da dolğunlaşır.
Amerika yəhudilərinə gəlincə, onların böyük bir qismi Azərbaycana maraq göstərir. Ölkəmizdə yəhudilərin uzun əsrlər boyu yaşaması, onlara cəmiyyətdə hörmətlə yanaşılması və dini icmaların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi yüksək qiymətləndirilir. Yəhudilər Azərbaycanda 27 əsrdir yaşayırlar. Bu tarixi dövr ərzində onlarla azərbaycanlılar arasında dini zəmində heç bir problem yaranmayıb. Amma ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımının qurbanları arasında yəhudilər də olub. Yəhudilər ölkəmizin ərazi bütövlüyü uğrunda bizimlə birgə mübarizə aparıblar. Bunun ən bariz nümunəsi Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun Qarabağda göstərdiyi şücaətdir.
Dövlətimiz bütün dini konfessiyalara, o cümlədən, yəhudi dini icmalarına həmişə diqqət və qayğı ilə yanaşıb. Onlara maddi yardım da daxil olmaqla, bütün zəruri köməkliyi göstərib. 2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni və müasir sinaqoq inşa edilib. Bütün bunlar önəmli məqamlardır və yəhudilər bunu yüksək qiymətləndirirlər.
– Nümayəndə heyəti səfər zamanı Los-Ancelesdəki yəhudi təşkilatları ilə görüşlər keçirib. Görüşlərdə əsasən hansı məsələləri müzakirə etdiniz?
– Əsas məqsədimiz Tövratın Dağ yəhudiləri icmasına təqdim olunması mərasimində iştirak etmək olsa da, zəngin səfər proqramı hazırlanmışdı. Səfər çərçivəsində Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Amerika-İsrail İctimai Əlaqələr Komitəsi, Amerika Yəhudiləri Komitəsinin Los-Anceles bölməsinin İdarə Heyətinin üzvləri, UCLA Universitetindəki Hillel Yəhudi Mərkəzinin professor və tələbələri ilə görüşlərimiz oldu. Eyni zamanda, Los-Anceles Şəhər Şurasının üzvü Paul Koretzlə görüşdük. Bu görüşlərdə Azərbaycanın zəngin tolerantlıq ənənələri, ölkə rəhbərliyi tərəfindən bütün dini icmalara göstərilən qayğı, eləcə də respublikamızda qədim yəhudi icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması məsələləri müzakirə olundu.
Ümumiyyətlə, yalnız Los-Ancelesdə deyil, bütünlüklə Amerikada Azərbaycanın zəngin tolerantlıq ənənələri yüksək qiymətləndirilir. Səfər zamanı bir daha bunun şahidi olduq. P.Koretz Los-Anceles şəhəri adından Azərbaycanın Dağ yəhudilərinə ünvanlamış təşəkkürnaməni nümayəndə heyətinə təqdim etdi. Təşəkkürnamədə Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinin Los-Anceles şəhəri tərəfindən yüksək qiymətləndirildiyi bildirilir. Azərbaycanda qədim yəhudi icmasının bu gün də sülh, harmoniya və əmin-amanlıq şəraitində öz mövcudluğunu davam etdirərkən, gündən-günə inkişaf etdiyi qeyd olunur.
Sevindirici haldır ki, Avropa və Amerikada Azərbaycanı tolerantlıq modeli kimi qəbul edənlərin sayı gündən-günə artır. Azərbaycan xalqının zəngin tolerantlıq mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də beynəlxalq aləmdə dinlərarası dioloq prosesinin dəstəklənməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər yüksək qiymətləndirilir və təqdir olunur. Müxtəlif dini konfessiyaların rəhbərləri və bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlər etiraf edirlər ki, Azərbaycandakı mövcud tolerantlıq mühiti bütün dünya üçün örnək modellərdən biridir.