AMİP-dən Pənah Hüseynin 4 iyun hadisələri ilə bağlı sözlərinə REAKSİYA

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn AMİP rəhbərliyini tənqid edib.

O, AMİP rəhbərliyi barədə sosial şəbəkədə aşağıdakı statusu paylaşıb:

“Azərbaycanın gələcəyi naminə keçmişimizdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardanam. Son günlər 4 iyun hadisələri barədə heç də sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara bu barədə hər şeyi demişəm, yazmışam və cavabı ilə kifayətlənmişəm. Lakin, görünür bəziləri milli-demokratik düşərgənin bu xoş məramlı yanaşmasından yanlış nəticələr çıxarıb “boşluğu” doldurmağa, qaşınmağa və ya qaşınmayan yerdən qan çıxarmağa girişiblər. Son günlər ölkənin demokratikləşdirilməsi istiqamətində birgə proseslər başlatdığımız AMİP rəhbərliyindəki bəzi şəxsləri bu məsələlər üzərində düşünməyə dəvət edirəm”.

Pənah Hüseynin yazdıqlarına isə AMİP-in sözcüsü Əli Orucov Yenicag.az-a verdiyi açıqlamasında aydınlıq gətirib.

Əli Orucov bildirib ki, Pənah Hüseyn siyasi yox, məhz 4 iyun hadisələri ilə bağlı səsləndirdiyimiz fikirlərimiz barədə yazıb:

“Pənah Hüseynin səsləndirdiyi fikirlərin son görüşlərlə aidiyatı yoxdur”.

Son görüşlərə gəldikdə isə Əli Orucov yeni blokun yaranacağını istisna edib:

“Xatırlayırsınızsa, bir müddət əvvəl müxalifət partiyaları ölkədəki ictimai-siyasi durumu müzakirə etdilər, müəyyən fikirləri uyğunlaşdırmağa çalışdılar və bu istiqamətdə tədbirlər də keçirildi. Tədbirləridən biri ADP-nin qərargahında, sonrakı tədbir isə AMİP-in qərargahında baş tutdu. Bu, mövqelərin uzlaşdırılması, təmasların artırılması ilə bağlı tədbirlər idi. Bunun davamı olaraq ölkədəki islahatlarla bağlı toplantının olacağına qərar verilib. Hansısa blokun yaranmasından söhbət getmir. Biz sadəcə olaraq ölkədə müəyyən dəyişiklik cəhdinin davamı kimi siyasi islahatların vacib olduğu qənaətinə gəldik və bu istiqamətdə də təşviqat hazırlandı, vəssalam”, – deyə Əli Orucov saytımıza verdiyi açıqlamsında bildirdi.

Səxavət Məmməd

COP29