“XALQ BANK”: “Xalq üçün bank”, yoxsa müştəri ilə məsuliyyətsiz davranış nümunəsi? - FOTO
Son aylarda “Xalq Bank” haqqında ard-arda səslənən şikayətlər bir sualı açıq şəkildə ortaya qoyur:
Bu bank doğrudanmı müştəri məmnuniyyətini prioritet sayır, yoxsa reklamla reallıq arasında ciddi uçurum var?
Yenicag.az xəbər verir ki, “Xalq Bank”ın fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə ciddi narazılıq var. Sosial şəbəkədə paylaşım edən şikayətçi bildirib ki, ilk problem kart sifarişi və çatdırılma xidməti ilə bağlıdır.
Müştəriyə “maksimum 10 iş günü” deyilən kart, bayram və sifariş çoxluğu bəhanə edilərək gecikdirilir. Daha da pisi, bu gecikmə nəticəsində insanın səyahət planları alt-üst olur; kart artıq lazım olmayanda isə bank nə üzr istəyir, nə də məsuliyyət daşıyır. “Call center” şikayəti qəbul etmir, müştərini sosial şəbəkəyə yönləndirir. Bu yanaşma xidmət deyil, açıq-aşkar məsuliyyətdən yayınmaqdır.
İkinci ciddi məsələ keşbek siyasətidir. Reklamda gözəl görünən “keşbek” reallıqda ya sıfırlanır, ya da “3 AZN-dən aşağı köçürülmür” kimi əvvəlcədən açıq bildirilməyən şərtlərlə mənasız hala salınır. Digər banklarda qəpik-quruş belə karta köçdüyü halda, “Xalq Bank”ın bu yanaşması haqlı olaraq müştərilərdə sual yaradır: Bu, bankdır, yoxsa müştərinin pulunu əsassız şəkildə silən sistem?
Daha gülünc və eyni zamanda qəzəbləndirən məqam isə “Petrol” və “Tamstore” keşbekləri ilə bağlıdır. 230 AZN-lik alışdan 10% əvəzinə 15 AZN keşbek verilir, 7.94 AZN-lik alışın “10%-i” isə riyaziyyata zidd olaraq 24 qəpik hesablanır. Burada araşdırılacaq nə var? Bu, sadə riyaziyyatdır, mürəkkəb bank əməliyyatı yox.
Kredit məsələsində də vəziyyət fərqli deyil. Əvvəlcədən “köhnə krediti bağlamaq şərti ilə yeni kredit” vədi verilir, filiala gedəndə isə şərtlər dəyişir. İnsan haqlı olaraq deyir ki, “pul olsaydı, niyə kreditə ehtiyacım olaydı?”
Bu cür ziddiyyətli yanaşma reklamın sadəcə aldatma vasitəsi olduğunu düşündürür. Amma bütün bunlardan da daha təhlükəli və ciddi məsələ var: “Xalq Bank”ın rəsmi sığorta səhifəsinin oğurlanması və sükut…
Ən narahatedici faktlardan biri də “Xalq Bank”ın rəsmi sığorta səhifəsinin oğurlandığı iddiasıdır. Lakin bank tərəfindən heç bir rəsmi açıqlama verilməyib. Bu, artıq təkcə müştəri narazılığı deyil; təhlükəsizlik, güvən və reputasiya məsələsidir.
Yenicag.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












