İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.
30 illik ədalətsizliyə SON: "İndi dünya haqq səsimizi eşitmək üçün Şuşa və Xocalıya gəlir”
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də Ermənistanın onilliklər boyu qurduğu dezinformasiya istehkamlarını darmadağın etdi.

Bu şanlı Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, habelə hərbi cinayətlərin bütün çılpaqlığı ilə dünya ictimaiyyətinə çatdırılması üçün müstəsna imkanlar yaratdı. Cənab İlham Əliyevin müzəffər liderliyində Azərbaycan Respublikasının qazandığı hərbi-siyasi qələbələr yalnız işğal, təcavüz və separatizmə son qoymadı, həm də haqq səsimizin dünyaya çatdırılması, Azərbaycan dövlətinin vətəndaşlarına qarşı törədilmiş çoxsaylı cinayətlərin ifşası və bu əməllərdə təqsiri olan şəxslərin cəzalandırılması istiqamətində tam yeni, dönüş nöqtəsi olan bir mərhələ başlatdı. Bu gün Azərbaycanın diplomatik və informasiya hücumu, hərbi sahədə əldə olunan uğurların mənəvi və hüquqi tacıdır.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məsələ ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bugünkü reallıq illərlə formalaşmış ədalətsiz dünya düzəninin sındırılması prosesidir:

“Acı həqiqətdir ki, bu gün dünyada gücün hüququ hüququn gücündən daha təsirlidir” – deyən Bəhruz Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, 30 ildən artıq bir müddətdə dünya birliyi bizim haqlı səsimizdən və beynəlxalq hüquqa söykənən tələblərimizdən daha çox, ərazilərimizi işğal edərək orada xunta rejimi qurmuş və beləliklə də, süni şəkildə “güclü” görünən Ermənistanı dinləməyə daha çox maraqlı olmuşdur. Lakin Azərbaycan Prezidentinin bu amansız və ədalətsiz gedişatı dayandırmağı bacarması, ölkəmizin mütləq hərbi-siyasi qələbəsi ilə işğala, təcavüzə, o cümlədən separatizmə son qoyması hər şeyi dəyişdi.
Deputat qeyd edib ki, Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqil davranaraq çoxsaylı qlobal layihələri reallaşdırması, bir çox dünya dövlətləri, o cümlədən Avropa subyektlərinin enerji təhlükəsizliyində, dolayısı ilə milli təhlükəsizliyində əsas rol alması qlobal baxış rakursunu köklü surətdə dəyişdi. Cənab İlham Əliyevin səyləri ilə coğrafiyamızın üstünlüklərinin tarixdə ilk dəfə olaraq real dividendimizə çevrilməsi Azərbaycanla hesablaşılmağa başlanmasına rəvac verdi:
“Xüsusən cənab İlham Əliyevin qlobal miqyasda artan şəxsi nüfuzu və imkanları fonunda Azərbaycanla daha ciddi hesablaşılır ki, bu da informasiya cəbhəsində bizim üçün yeni üfüqlər açdı. Aydındır ki, böyük zəfərimizə qədərki dövrdə Azərbaycanın təbliğat maşını ətalətdə deyildi.
Möhtərəm cənab İlham Əliyevin birbaşa nəzarətində ayrı-ayrı beynəlxalq təsisatlarda ölkəmizin lehinə və beynəlxalq hüququn aliliyi şəraitində qəbul edilən qətnamələr, Heydər Əliyev Fondunun fəaliyyəti, xüsusən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın ‘Xocalıya ədalət!’ kampaniyası kifayət qədər uğurlu nəticələrə gətirib çıxarmışdı. Lakin qələbəmiz Azərbaycanın haqq səsinin eşidilməsi istiqamətində tam yeni bir status-kvoya gətirib çıxardı.”
Bəhruz Məhərrəmovun sözlərinə görə, bu strateji dönüşün ən bariz nəticəsi ondadır ki, bir vaxtlar bizi eşitmək istəməyənlər indi Azərbaycan Prezidentinin sözünü eşitmək üçün Şuşada, Xocalıda təşkil olunan mötəbər tədbirlərdə iştirak etməyə, özləri maraqlı tərəf kimi çıxış etməyə başlayıblar. Bu gün Azərbaycan regionun hərbi-siyasi diktəedici gücü kimi öz mövqeyini möhkəmləndirib.
Deputat çıxışının sonunda dövlət başçısının Ağdamda 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşü zamanı etdiyi tarixi müraciəti xatırladaraq qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq hüququn aliliyini və ümumbəşəri dəyərləri rəhbər tutaraq qətiyyətli informasiya mübarizəsini sonadək davam etdirəcək.
Məsimə Məmmədova

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.













