Pəncərədən əşya atanlar, 108 dəfə zəng çalanlar... – Dünyada Yeni ilin qəribə adətləri

media-hightechnic-468x90

Yeni ilin gəlişi yalnız təqvimin dəyişməsi deyil, həm də xalqların əsrlərlə qoruyub saxladığı zəngin mədəniyyətlərin və bəzən təəccüblü adət-ənənələrin nümayişidir. Yenicag.az dünyanın fərqli ölkələrində ailə birliyini möhkəmləndirmək, keçmişi geridə buraxmaq və uğur qazanmaq üçün həyata keçirilən maraqlı ritualları təqdim edir:

Ekvadorda Yeni il həm rəngarəng, həm də simvolik adətlərlə qeyd olunur. Yerli sakinlər bir neçə metr hündürlüyündə “Año Viejo” (Köhnə il) müqəvvası hazırlayır və onu yandırırlar. Bu ritualın yeni ilin təmiz və uğurlu başlamasına kömək etdiyinə inanılır.

Kubada bayram günü hər kəs evdəki qab-qacağı su ilə doldurur. Saat əqrəbləri 12-ni göstərdikdə isə bütün su pəncərədən çölə axıdılır. Hesab olunur ki, bununla yeni il su kimi axar və yolunuz açıq olar.

İspaniyada insanlar Yeni il gecəsi meydanlara toplaşaraq saatın hər zəngində bir gilə olmaqla, cəmi 12 üzüm yeyirlər. Hər bir üzüm ilin 12 ayını simvollaşdırır və hər gilə ilə bir arzu tutulur. Bunun xoşbəxtlik və sevgi gətirəcəyi düşünülür.

Yaponiyada məbədlərdə zənglər 108 dəfə çalınır. Bu mərasim insanın mənfi duyğulardan təmizlənməsini simvolizə edir. Evlərin girişinə şam və bambukdan hazırlanan “kadomatsu” qoyulur, süfrədə isə “moçi” adlı düyü keksləri mütləq olmalıdır.

Braziliyalılar ağ paltar geyinib dəniz kənarına gedirlər. Onlar suyun içində 7 dalğanın üzərindən tullanırlar və hər dalğa üçün bir arzu tuturlar. Sahildə şamlar yandıraraq enerjinin təmizlənməsi ritualını icra edirlər.

Kolumbiyada maraqlı bir inanc var: Səyahət etmək istəyənlər yeni ilin ilk saatlarında boş çamadanla küçəyə çıxırlar. Həmçinin, sarı rəngli geyimlər geyinməyin pul və uğur gətirəcəyinə inanırlar.

Filippində süfrəyə 12 növ dairəvi meyvə qoyulur. Dairəvi forma pulu və bərəkəti simvolizə edir. Bu, gələn ilin bolluq içində keçməsi üçün edilən əsas rituallardan biridir.

İtaliyanın bəzi bölgələrində insanlar keçmiş il ilə vidalaşmaq üçün köhnə əşyaları (hətta mebelləri) pəncərədən atırlar. Qara paxlalı yeməklər isə rifah rəmzi kimi süfrəyə verilir.

Serbiyalılar Yeni ili odun yandırma ritualı ilə qarşılayırlar. Bu, keçmiş ilin pis enerjisini yandırmaq və yeni ilə təmiz başlamaq üçün edilir.

Vyetnamda Yeni il axşamı canlı balığı çaya buraxmaq adətdir. İnanca görə, balıqların belində Allah üzür və o, səmaya çəkilərək insanların Yer üzündəki həyatı barədə məlumat verir. Həmin gecə bütün küslülər barışır.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa