!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Əsədli: “Hər üç ölkə münaqişənin həllini tapmasından narahatlıq keçirib”

!Reklam – Yazi

“Diplomatik korpus nümayəndələrinin artıq yeddinci dəfədir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil edilir. Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfərlər olunur. Sonuncu səfər zamanı isə xarici ölkə səfirlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı təklifi üç ölkə səfiri qəbul etməyib və bu səfərə qoşulmayıb. Bunlar Minsk qrupunun üç həmsədr dövlətinin səfirləridir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
Anar Əsədlinin fikrincə, burada təəccüblü heç nə yoxdur:

“Hər üç ölkənin regiondakı maraqlarını və apardıqları siyasəti incələsək, qarşımıza belə bir tablonun çıxacağı gözlənilən idi.
Danışıqlar prosesinin əsas mərhələsində Rusiya və Türkiyə həll prosesinə ATƏT-in Minsk Qrupunu daxil etmədən razılığa gəldi. Bir zamanlar Rusiya prezidenti Vladimir Putinin “Türkiyə ilə birgə səylərimiz regionda sülhü bərqərar edəcək”, xarici işlər naziri Sergey Lavrovun “Türkiyə regionda real faktordur” kimi ifadələri isə Rusiyanın regionda maraqlarını sadəcə, Türkiyə ilə bölüşdüyünün göstəricisi idi.
Ancaq geosiyasi reallıqlar dəyişdi. Rusiya sülhməramlı missiyasından tamamilə uzaqlaşdığı üçün Türkiyə bölgədə daha da güclənərək, qüvvələr nisbətini xeyrinə həll etdi. Şuşa zirvəsində bəyannamənin imzalanması ilə vahid ordu yaradılmasına, beynəlxalq platformalarda birgə səylərlə iştirak etməyə qərar verildi. Bir də xəritə mübadiləsində Gürcüstanın vasitəçiliyi məsələsi var. Bütün bu faktorlar Rusiyanı istədiyini ala bilməyib, özünü küskün uşaq kimi aparan Fransayla bir daha yaxınlaşdırdı. Fransanın mövqeyi isə bizə əvvəldən məlumdu. Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Bunun bir səbəbi Fransada güclü erməni lobbisinin olması ilə bağlıdırsa, digər səbəbi bu ölkənin yüzilliklərdən bəri dənizlərdə hegemoniya qurmaq istəyi və bu marağının İngiltərə, ABŞ, eyni zamanda Türkiyə ilə toqquşmasıdır. Yəni Fransa onsuz da uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir”.

AY Partiya Başqanı qeyd edib ki, Amerikanın isə 1991-ci ildə SSRİ dağıldıqdan sonra xüsusi Cənubi Qafqaz siyasəti mövcuddur. “Bu siyasətin əsas prioritetləri nələrdir?
1. Cənubi Qafqazın İranla sərhəddə olması. Türkiyə hərbi bazasının Əfqanıstanda yerləşdirilməsi ilə Yaxın Şərqdə nüfuzunun daha da artacağını nəzərə alsaq, sanksiyalar məngənəsində boğulan İranın həm iqtisadi, həm nəqliyyat-kommunikasiya, həm də nüvə materiallarının daşınması baxımından tək yolu Cənubi Qafqazdan keçir. Bu baxımdan həmin yola nəzarət ABŞ üçün önəmlidir.
2. ABŞ əsgərləri. Əfqanıstandan ayrıldıqdan sonra amerikan hərbçiləri yenidən Orta Asiya və Yaxın Şərqdə hərbi baza yerləşdirmək üçün variantlar axtarır. Qiymətləndirilən variantlar Orta Asiya və Fars körfəzi ölkələridir. Bu bölgələrdən istifadənin tək yolu isə Cənubi Qafqazdır.
3. Pentaqon Əfqanıstandan çıxarkən hərbi yüklərin daşınması üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə tranzit xəttinə üstünlük verdiyini bəyan etdi. Çünki Rusiya və Çinin öz sərhədləri yaxınlığında strateji rəqiblərinin hərbi baza yaratmasına hər vəchlə əngəl törətməyə çalışacaqları gün kimi aydındır.
4. Cənubi Qafqaz Avropanın enerji təchizatında mühüm rol oynayır. Bu region həm enerji mənbəyidir, həm də Orta Asiyadan enerji dəhlizidir.
5. Son onillikdə rəsmi Pekin Avropaya nəqliyyat yolları çəkir. Bu yollardan biri Qazaxıstandan – Xəzər dənizindən Azərbaycana, Gürcüstan, Türkiyə və nəticədə Avropaya uzanır. Azərbaycanla materik hissəsi olan Naxçıvan arasında Zəngəzur ərazisindən keçən dəhliz rəsmi Pekinə Cənubi Qafqazdan Avropaya daha bir marşrut da əlavə edəcək, bundan əlavə Gürcüstan ərazisindən keçəcək. Nəzərə alsaq ki, bu ilin mart ayının əvvəllərində ABŞ milli təhlükəsizliyə dair hesabat hazırlayarkən, Çin yeganə rəqib adlandırılır, bu qovşağın alternativ şəbəkələrlə əvəz edilməsinin rəsmi Vaşinqtonun prioritetləri sırasında olduğunu deyə bilərik”, – deyə o əlavə edib.

Anar Əsədlinin fikrincə, sadalananlar göstərir ki, ABŞ onun üçün həyati əhəmiyyət kəsb edən Cənubi Qafqazda Türkiyənin və Rusiyanın mövcudluğundan narahatdır:

“Lakin Türkiyə NATO-da ABŞ-ın əsas müttəfiqi olduğu üçün və elə NATO-nun Şərq sərhədlərinin təhlükəsizliyini təmin etdiyi üçün Makrondan fərqli olaraq, Bayden bu aylar ərzində səssizlik nümayiş etdirdi. Lakin bu, o demək deyildi ki, Ağ ev Administrasiyası yuxarıdakı prioritetlərini unudub.
Qısacası, Cənubi Qafqazla bağlı maraqları ortaq olan hər üç həmsədr dövlətin Bakıdakı səfirlərinin uzlaşdırılmış mövqe nümayiş etdirməsində təəccüblü heç nə yoxdur. Bu ölkələrin üçü də Qarabağ münaqişəsinin ortaya çıxmasında, uzanmasında maraqlı olan və Azərbaycan ordusunun şücaəti ilə münaqişənin həllini tapmasından narahatlıq keçirən dövlətlərdir. Bu minvalla burada təəccüblü nəsə görənlərə, xüsusən Rusiyanı hansısa qeyri-müəyyən məntiqlə “dost” adlandıranlara təklif edirəm ki, 200 il öncə Çar Rusiyasının bölgədə hansı demoqrafik siyasət yürütdüyünü, bu dəyişikliyin hansı nəticələrə hesablandığını dərindən incələsinlər.
Məsələnin ikinci tərəfi isə niyə diplomatik korpusların səfərlərinin Şuşaya təşkil edilməsi ilə bağlıdır. Anlaşılandır ki, bu yolla işğaldan azad olunmuş ərazilərdə erməni quldurları tərəfindən törədilən dağıntıların və baş verən vandalizm aktlarının miqyasının nə qədər geniş olduğu dünyaya çatdırılır. Bəli, vaxtilə on minlərlə insanın yaşadığı, qaynar həyatın olduğu şəhərlərimizdə indi salamat bir bina, bir tikili qalmayıb.

Erməni işğalçıları xislətlərinə uyğun olaraq, şəhərlərimizi xarabalığa çevirib, darmadağın ediblər. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri sözün əsl mənasında “Ruhlar şəhəri”nə çevrilib. Ancaq bu həqiqətləri görməyini istədiyimiz qurumlar məgər bunlardan xəbərsizdir ki? Xəbərdar olan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrindən hansı icra olundu? Mədəni irsin hədəfə alınmasının müharibə cinayəti olduğunun, Ermənistanın 27 ildən çoxdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv etdiyi və ya dəyişdirdiyinin ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırıcı missiyaları tərəfindən sənədləşdirilməsi hansı işə yaradı? Beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən 1954-cü il üçün UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Haaqa Konvensiyasına və onun iki protokoluna zidd olduğunu göstərdi. Fəqət Ermənistana “gözün üstə qaşın var” deyən oldumu? O zaman nəyimizə lazımdır bu canfəşanlıq? Müharibənin taleyini nə bu qətnamələr, nə də fəaliyyəti sadəcə turistik səfərlərdən ibarət olan Minsk qrupunun həmsədr dövlətləri təyin etdi.
Problemi Azərbaycan xalqının birliyi, şücaəti ilə dillərə dastan olan igid qəhrəmanlar həll etdi, şəhidlərin qanı torpaqlarımızı bizə geri verdi. Ona görə də fikrimcə, minnət göstərən vecsiz qurumlardansa, birlik göstərən xalqın nümayəndələrini, qanları hesabına qələbə çaldığımız şəhid ailələrini, qazilərimizi, övladlarını Şuşaya aparmaq daha məqsədəuyğundur. Bununla o insanlar Qələbəni gerçəkdən duyacaqlar. Nəyin uğrunda qan töküldüyü, canlardan keçildiyi daha aydın olacaq”.

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv