SUYA ÇIXIŞ: Yeni münaqişə mənbəyi? Ukraynada təhlükə ARTIR
Yaxın gələcəkdə suya çıxış məsələsi yeni münaqişələrin əsas səbəblərindən birinə çevrilə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “NewsUkraine” nəşri təhlil aparıb. Məqalədə qeyd edilib ki, dünyada su resursları üzərində yaranan münaqişələrin sayı sürətlə artır və bu tendensiya qlobal təhlükəsizlik üçün yeni bir çağırışa çevrilə bilər.
“Ukrayna da bu təhlükə ilə üz-üzədir. Ukraynalı ekspert Leonid Bytsyuranın sözlərinə görə ölkə xüsusilə Dnepr çayından ciddi asılı olduğu üçün bu sahədə olduqca həssasdır. Ukrayna su ehtiyatlarına görə zəif mövqedədir və su istifadəsinin 50%-ə qədərini Dnepr çayından alır. Ruslar isə hələ bu zəifliyi tam dərk etməyiblər.
Almaniyalı ekspert Tobias fon Lossovun sözlərinə görə isə Rusiya artıq dəfələrlə suyu təzyiq aləti kimi istifadə edib. Kaxovka SES-in partladılması bütün dünyada müzakirə olundu. Amma bu, yeganə hal deyildi. Müharibənin ilk günündə Kiyev su anbarındakı bəndə raket hücumu edildi. Lakin Ukraynanın hava hücumundan müdafiə sistemi onu zərərsizləşdirdi. Mariupolda isə şəhərin su təminatı kəsilərək su birbaşa silaha çevrildi.
Ekspertlər xəbərdarlıq edirlər ki, yaxın gələcəkdə suya çıxış məsələsi yeni münaqişələrin əsas səbəblərindən birinə çevrilə bilər. Buna görə də Ukrayna bu təhdidi öz milli təhlükəsizlik strategiyasına daxil etməlidir. 2023-cü il iyunun 6-da Rusiya qüvvələrinin nəzarətində olan Kaxovka Su Elektrik Stansiyası daxildən partladılıb. Nəticədə mühərrik zalı və bənd tamamilə dağılıb, Xerson vilayəti də daxil olmaqla Ukraynanın cənubunda genişmiqyaslı sel baş verib. Onlarla yaşayış məntəqəsi su altında qalıb, insanlar həlak olub və ya xəsarət alıb, ekosistemlər, infrastruktur və suvarma sistemləri ciddi zərər görüb,” – deyə məqalədə qeyd olunub.
Nəsimi Ələsgərli