Yaşım o qədər çox olmasa da, hər halda, yoxsul, ancaq məsud günlərimizi xatırlayıram. Söhbət o zamanlardan gedir ki, Allahın “Sana” yağını 30 qəpiyə alır, günlük 20 qəpiklə məktəb xərclərimizi yola verirdik.
Ancaq başına döndüyümüz dünya dayanmır ki… Dönür, dönür və dünya döndükcə xoşbəxtlikdən başımızın hərlənməməsi üçün artan rifahımıza (hər halda, səbəb bunu göstərirlər) uyğun olaraq qiymətlər də qalxır, ya da tənzimlənir – kim necə görmək istəyir, elə də baxsın.
Bir manata 4 çörək alardıq, indi isə ikisi belə alınmır. Sağ olsunlar, qiymətləri artan minimum əməkhaqqıya yansıdırlar.
Masaya əyləşib bu yazını “klaviaturaya almamışdan” əvvəl qaba bir hesab etdim və aylıq 300 manata dolanmağa çalışan iki nəfərlik mini ailənin ən və əəənnn zəruri ehtiyaclarının tutarının 296 manat olduğu gerçəkliyi ilə qarşılaşdım. Mənim “əəənnn zəruri” dediyim ehtiyaclara kasıbın baş bəlası olan gözlənilməz xərclər isə əlavə edilməyib. Bu aydan o aya 4 manat “dala qoya” biliriksə, necə də xoşbəxtik. Elə deyilmi?
Hər dəfə qiymət artımı olanda bayaq yazdığım o qəpik-quruşla keçindiyimiz günləri xatırlayıram. Bir günün bunun baş verəcəyini düşünməzdim, amma o yoxsulluqdakı zənginlik üçün darıxıram…
Un və çörəyin bahalaşmasını nə ilə əlaqələndirirlər, əlaqələndirsinlər, istəyir, lap min dərədən su gətirsinlər, xeyri yoxdur. Bu ölkənin əsas təbəqəsi bir manata boğazdan keçən iki tikə çörək ala bilməyəcəksə, o zaman nə bilim…
Biz kimisə nəyəsə inandırmaq istəyəndə Allahdan daha çox peçin istisinə və süfrəmizdəki çörəyə and içərik. Belə and yiyələrini təbrik edirəm! Qiymətlər artır, deməli, sözümüz də dəyərə minir.
www.yenicag.az