Ankara-Brüssel DİALOQU: Avropa Türkiyənin NATO qüdrətini İttifaqa necə transfer etmək istəyir?
“Təhlükəsizlik təminatı baxımından Avropa İttifaqı özünə risk hiss edərsə, Türkiyəni quruma qəbul etməyi nəzərdən keçirmələri mümkündür”.
Bu fikirləri siyasi şərhçi Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib. O, bildirib ki, bu, həm Türkiyə, həm də Aİ üçün müəyyən risklər yarada bilər:

“Qurum Türkiyənin İttifaqa daxil olması üçün ciddi şərtlər irəli sürür. Rəsmi Ankara bu şərtləri qəbul etsə, müəyyən dərəcədə öz daxilində parçalanma riski yarana bilər. Beynəlxalq vəziyyətin gərginləşməsi fonunda Aİ üçün təhlükəsizlik riskləri artarsa, qurum Türkiyəni öz sıralarına qəbul etməyi nəzərdən keçirə bilər. Bu, təhlükənin hansı səviyyədə olacağından asılıdır”.
Siyasi şərhçi Türkiyənin NATO-dakı mövqeyinə də toxunub:
“Türkiyə NATO-nun ikinci ən güclü dövləti hesab olunur və Alyansın şərq qanadında təhlükəsizliyin əsas təminatçısı rolunu oynayır. İstər Aİ, istərsə də Böyük Britaniya müdafiə sənayesi məhsullarına malik olsalar da, onların döyüş qabiliyyəti və hərbi potensialı Türkiyə ilə müqayisədə zəifdir. Türkiyədə isə vəziyyət fərqlidir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu ölkənin Aİ-yə üzvlüyü qurum üçün də müəyyən problemlər yarada bilər. Belə ki, təşkilatın parlamentində deputatların sayı artacaq ki, bu da qurum üçün məqbul hesab olunmur. Bu, ciddi məsələdir, çünki bəzi qərarların qəbuluna Türkiyə mane ola bilər. Hər bir halda, Aİ mövcud riskləri dəyərləndirərək, vəziyyətə uyğun qərar qəbul edə bilər”.
Məlik Məlikov












