!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada azərbaycanlı həkimlərin V Türkiyə Forumu keçirilib – Fotolar

!Reklam – Yazi

Türkiyə paytaxtında azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Forumu baş tutub.

Yenicag.az xəbər verir ki, “Nümunəvi həkim olmağa doğru” şüarı ilə keçirilən, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı, Ankara Güven Klinikasının dəstəyi ilə gerçəkləşən Forumda rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri, qardaş ölkədə işləyən, yaşayan və təhsil alan çox sayda azərbaycanlı, həmçinin, Türkiyə , Azərbaycan, Almaniya və Rusiyadan 300 -ə yaxın həkim və tibb sahəsində təhsil alan tələbə iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirələri birdəqiqəlik sükutla yad olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyənin rəsmi dairələrindən Foruma göndərilən təbrik məktubları oxunub.

Forumun rəsmi açılışında Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Hanalioğlu, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Ankara Universitetinin tibb fakültəsinin dekanı Gülfem Elif Çelik, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyi Tibbi Xidmətlər şöbəsinin müdiri Nurullah Okumuş və başqaları çıxış ediblər.

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu inkişaf strategiyasının tarixi nəticələrindən, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin ölkəmizdə yaratdığı hərtərəfli yüksəlişdən, eləcə də təhsil və səhiyyə sahəsində əldə olunan uğurlardan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasının əhəmiyyətindən söz açılıb.

Rəsmi açılışdan sonra isə Hacettepe Universiteti tibb fakültəsinin keçmiş dekanı, professor İskender Sayekin “Nümunəvi həkim olmağa doğru” mövzusunda elmi məruzəsi dinlənilib.

Sonra “Türkiyədə xarici həkimlərin təhsili və fəaliyyəti: problemlər və onların həlli yolları”, “Sağlamlıq sistemləri” və “Nümunəvi həkimlik sənətçilərin baxışında” mövzularında panellər təşkil olunub.

Azərbaycanın incəsənət xadimləri – aktyor və rejissor Cahangir Novruzov və pianoçu İslam Manafov qatıldıqları, böyük marağa səbəb olan “Sənətkar baxışı ilə nümunəvi həkimlik” panelində iki korifey sənətkar həkimliyi fərqli bir perspektivdən dəyərləndirərək, gənc həkimlərlə öz həyat təcrübələrini bölüşüb, onlara məsləhətlər veriblər.

Forumun 2-ci günündə – oktyabrın 8-də isə “Azərbaycandakı tibb təhsilində yeniliklər”, “Azərbaycanda elmi dərəcəli həkimlər üçün iş imkanları”, “Elmi dərəcəli həkimlərin Azərbaycanın səhiyyə sisteminə töhfələri” və “Ölkə xaricində mütəxəssis olmaq və tədqiqat imkanları” mövzularında panellər təşkil olunub.

Müzakirələr zamanı Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Xanəlioğlu, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, tanınmış həkimlərdən – Üzeyir Rəhimov, Ramin Bayramlı, Vaqif Qələndərli, Barat Yusubov, Fuad Novruzov, Tural Rəhimli, Əli Quliyev, İkram Rüstəmov, Cabir Gülmalıyev və başqalarının çıxışları dinlənilib.

İki gün davam edən Forumda ümumilikdə Azərbaycanda tibb elmi və səhiyyənin inkişafı, bu sahədə Türkiyə ali məktəblərinin yeri və rolu, ölkəmizdə səhiyyə işçiləri üçün yaradılan şərait, həyata keçirilən dövlət tədbirlərinin nəticələri və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb. Xüsusilə, Türkiyədəki Azərbaycanlı həkimlərin problemlərinin həlli üçün Azərbaycanlı Həkimlər Dərnəyinin son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Forumun sonunda Azərbaycanlı Həkimlər Dərnəyinin idarə heyəti üzvləri – Şahin Xanəlioğlu, Fərid Qasımzadə, Nəsiman Alılı ve Bəylər Bəylərov iştirakçılarla dərnəyin gələcək planları və Azərbaycanla yaxın əməkdaşlıq imkanlarını müzakirə ediblər.

www.yenicag.az

1940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv