Ankarada Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Ankarada Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyənin hakim AK Parti partiyasının sədr müavini Kürşad Zorlu, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türk dövlətlərinin Ankaradakı səfirləri, millət vəkilləri, eləcə də Türk dünyasının müxtəlif bölgələrindən olan QHT nümayəndələri və tələbələr iştirak ediblər.

Çıxışlarda Heydər Əliyevin siyasi irsi, Azərbaycan–Türkiyə münasibətlərinin strateji əhəmiyyəti və Türk dünyasının birliyi məsələləri vurğulanıb. Qeyd edilib ki, onun müəyyən etdiyi “bir millət, iki dövlət” prinsipi bu gün də əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalır.

Tədbirdə çıxış edən TADİV sədri Aygün Attar bildirib ki, Heydər Əliyevin irsi Türk dünyasının birliyi üçün əsas ideoloji xətt olaraq qalır. O vurğulayıb ki, vəqf güclü idarəetmə və formalaşmış institusional baza ilə fəaliyyətini genişləndirərək beynəlxalq səviyyədə daha təsirli platformaya çevrilib.
Aygün Attar qeyd edib ki, Türkmənelidən Balkanlara, Krımdan Qafqaza qədər geniş coğrafiyanın nümayəndələrinin eyni məkanda toplaşması Türk dünyasının real birliyinin göstəricisidir.

Tədbir çərçivəsində həmçinin Ankara Universitetinin tələbələrinin iştirakı ilə “II Heydər Əliyev İdman Turniri”nin açılışı keçirilib. Turnir rəmzi lent kəsimi və ilk şahmat gedişi ilə start götürüb.

Bildirilib ki, yarış bahar mövsümü boyunca davam edəcək və qaliblər Türkiyənin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mükafatlandırılacaq.

Tədbirin sonunda vurğulanıb ki, bu cür tədbirlər Heydər Əliyevin irsinin yaşadılmasına və Türk dünyasında birliyin daha da möhkəmlənməsinə xidmət edir.
Camal Cavanşir













